Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada heyvandarlığın inkişafına dair zona müşavirəsi keçirildi

20 iyun 2017 | 11:00

Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili” mövzusunda zona müşavirəsi  keçirildi. Müşavirədə Kənd Təsərrüfatı  Nazirliyinin, Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, Baytarlıq, Əkinçilik, və Heydandarlıq Elmi Tədqiqat İnstitutlarının nümayəndələri, eləcə də rayon Kənd Təsərrüfatı idarələrinin mütəxəsisləri, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonlarından olan fermerlər, ailə-kənd təsərüfatı sahibləri,  istehsal və emal müəssisələrinin nümayəndələri iştirak edirdi.
Müşavirəni giriş sözü ilə Ağstafa RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev açaraq geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, rayonlarda damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə  zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan damazlıq materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması vacibdir.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə olunması, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və  çıxışlar olub.
Zona müşavirələri geniş diskussiya şəraitində keçib, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavablar verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müşavirə işgüzar şəraitdə keçirildi.

Keçidlər