Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada istehsal edilən köynəklər Fransa və İtaliyaya ixrac olunur

16 oktyabr 2017 | 11:00

Ağstafada istehsal edilən köynəklər Fransa və İtaliyaya ixrac olunur

15 Oktyabr 2017

Məlum olduğu kimi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də çevik islahatlar sayəsində ölkəmizdə iqtisadiyyat öz dayanıqlığını gündən-günə möhkəmləndirir.
Bunun sayəsində qeyri-neft sektorunun sürətlə irəliləməsi əhalinin məşğulluğunun təmin edilməsinə, yəni güzəranının yaxşılaşmasına səbəb olur. Sevindirici haldır ki, bu inkişaf bölgələri də əhatə edir və indi respublikamızda elə bir rayon tapmaq olmaz ki, ondan bəhrələnməsin.
Dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son dövrlər yeni istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir göstərir.
Belə müəssisələrin istifadəyə verilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradır.
Ölkəmizdə ənənəvi sahələrlə yanaşı, digər sahələr, o cümlədən tekstil sənayesi də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı imzaladığı sərəncamlardan sonra daha da sürətlənmişdir. Qəbul edilən qərar və qanunlar istehsalın genişlənməsinə, yeni texnologiyaların tətbiqinə, məhsul çeşidinin artırılmasına imkan yaratmışdır. Bunu Ağstafanın timsalında daha aydın görmək olar. Mövcud olan sağlam investisiya mühiti sahibkarlarda rayona marağı artırmış, nəticədə bu sərhəd bölgəsində onlarla müasir sənaye müəssisələri yaradılmışdır.
Belə müəssisələrdən biri də “Akkord Tekstil” MMC-dir. Azərbaycanda geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrdən biri olan fabrikdə kişi və qadın geyimləri, habelə digər təyinatlı uniformalar tikilir. Beynəlxalq standartlara tam cavab verən istehsal prosesində köynəklər 5 növ yaxa quruluşunda olmaqla “classik”, “slimfit” və “reqular” bədən ölçülərində istehsal edilir. 120 nəfərin çalışdığı müəssisədə ayda 40 min köynək istehsal olunur. İstehsal olunan köynəklər dünyanın bir çox ölkələrinə, o cümlədən İtaliya, Fransa və Rusiyaya ixrac edilir. Hazırda Kanada, Çin və Çexiyanın şirkətləri ilə danışıqlar aparılır. Razılıq əldə olunsa, ixrac potensialının dairəsi xeyli genişlənəcək ki, bu da Azərbaycan brendinin daha çox ölkədə tanınmasına səbəb olacaq.
Məlum olduğu kimi, keyfiyyətli məhsul istehsalında xammaldan başqa dünya standartlarına cavab verən avadanlıqlar da böyük əhəmiyyət daşıyır. Buna önəm verən “Akkord Tekstil” MMC-nin istehsal sahələri Almaniyanın “Brother”  və “Shantze”, Yaponiyanın “Astash” və “Juki”, Türkiyənin “Malkan” və “Elensan” markalı yüksək keyfiyyətli avadanlıqları ilə təchiz edilmişdir. Hazırda fabrikdə 361  maşın və mexanizmlər dövrün tələblərinə cavab verən məhsul istehsalında istifadə edilir.
Tikiş müəssisəsinin istehsal etdiyi köynəklər üçün xammal, yəni, parça Türkiyədən gətirilir. Lakin müəssisə rəhbərliyi gələcəkdə xammal istehsal edən müəssisə yaratmağı da qarşısına məqsəd qoymuşdur. Bundan başqa, Bakıda müəssisənin “Moda evi”nin açılması da planlaşdırılır. Həmin “Moda evi”ndə fabrikin istehsal etdiyi məhsulların nümayişi, ayrı-ayrı şirkətlərin sifarişləri, eləcə də fərdi sifarişlər qəbul ediləcək.
Məlum məsələdir ki, ölkəmizdə trikotaj məhsullarına tələbat həddindən artıq çoxdur. Bu məhsullar bir çox xarici ölkələrdən gətirilir. Daxili tələbatı nəzərə alaraq yaxın vaxtlarda fabrikdə yeni trikotaj sexinin yaradılması da planlaşdırılmışdır. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür.
Daim yeniliyin tətbiqini diqqətdə saxlayan müəssisə rəhbərliyi hazırda ASSYST sisteminin tətbiq edilməsinə başlamışdır. Bu sistem əsasən qəlib və ölçülərin ideal hazırlanmasına şərait yaradacaq. Həmçinin gələcəkdə daha geniş çeşiddə məhsul, o cümlədən idman və qadın geyimləri istehsal edilməsi də nəzərdə tutulur.
Müəssisədə çalışan işçilər hər cür qayğı ilə əhatə olunmuşlar. Onların işə gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılmışdır. İşçilər gündə bir dəfə pulsuz yeməklə təmin edilirlər. Əsasən rayon sakinlərindən ibarət olan fabrik işçilərinin orta aylıq əməkhaqları 250-300 manatdır.
“Akkord Tekstil” MMC-nin direktoru İsmayıl Bayramov söhbət zamanı dedi ki, fabrikin açılışında iştirak edən ölkə başçısı İlham Əliyevin verdiyi məsləhət və tövsiyələrin məsuliyyətini dərk edərək yalnız yüksək keyfiyyətli məhsul istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün əminliklə deyə bilərik ki, Ağstafada fəaliyyət göstərən tikiş fabriki istər təchizat, istərsə də istehsal etdiyi məhsulların keyfiyyəti baxımından dünya standartlarına cavab verir. İstehsal olunan xüsusi geyimlər, kişi və qadın geyimləri, hərbi və odadavamlı, habelə digər təyinatlı uniformalar, uşaq və məktəbli geyimləri həvəslə alınır. Əsas məqsəd isə gələcəkdə fabrikin fəaliyyət dairəsini genişləndirməklə ixrac imkanlarını artırmaqdır. Bunun üçün əsas vəzifə bazarın tələbinə uyğun olaraq daim təkmilləşmək və inkişaf etməkdir.

Sabir ƏLİYEV,
“Azərbaycan”

Keçidlər