Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA: ÖLKƏNİN ƏN ÇOX SƏRMAYƏ CƏLB EDİLMİŞ RAYONLARI SIRASINDA

31 yanvar 2018 | 11:00

30 yanvar 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda yerli icra orqanlarının rayonlara sərmayə qoyulması üçün iş adamlarının cəlb etmələri barədə danışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki,  keçən il sərmayə qoyuluşuna görə ilk onluğa Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı daxildir. Dövlət başçısı bildirib ki, həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları bu sahədə  birgə işləməlidirlər.
2017-ci ildə Ağstafa rayonuna 34,8 milyon manat özəl investisiya qoyulmuşdur, bundan 25 milyon manatı xarici investisiyadır. Ağstafa rayonunda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi  istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7009 yeni iş yeri açılmışdır. Yeni iş yerləri təkcə kənd təsərrüfatı ilə bağlı sahələrdə deyil, rayonun sənayesini əhatə edən yeni müəssisələrin və turizmin inkişafı  hesabına artmışdır. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,0 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əmək haqqı 1,4 dəfə artmışdır.
Dövlət başçımızın müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda icra olunan sosial infrastruktur layihələr çərçivəsində “Ağstafa Aqrar Sənaye Kompleksi”nin layihə üzrə saatda 25 ton istehsal gücündə olan dənli və paxlalı bitkilərin toxumu istehsalı zavodu, ümumi emal gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma və saxlama anbarının tikintisi, sutkada 120 ton emal gücündə dəyirman kompleksi, sutkada 48 ton istehsal gücündə çörək və yarımfabrikat zavodunun, sutkada 36 ton istehsal gücündə olan makaron zavodunun, əhaliyə hazır məhsulların və fastfud xidmətlərinin həyata keçirilməsi üçün 2400 kv metr sahədə müasir ticarət mərkəzinin, 280 oturacaq yeri olan çox funksiyalı sərgi mərkəzinin və 130 yerlik müasir yeraltı avtomobil dayanacağı parkının tikintisi başa çatdırılmaq üzrədir. Gələcəkdə 8 hektar torpaq sahəsində istixana kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu anbarların tikintisi nəzərdə tutulur. Almaniya şirkətlərinin avadanlıq və texnologiyalarından istifadə edilən kombinatda 310 nəfər yeni iş yeri ilə təmin ediləcəkdir. Layihənin ilkin dəyəri 36 milyon manatdır.
Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkında istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir. Hazırda sənaye parkında biorqanik istixana kompleksi, polietilen örtüklərin istehsalı müəssisəsi, plastik kütlələrin təkrar emalı müəssisəsi, xüsusi dəmir konstruksiyalar istehsalı müəssisəsi, istismara yararsız avtomobil şinlərinin təkrar emalı müəssisəsi, dəmir dam örtüklərinin istehsalı müəssisəsi, şüşə və şüşə konstruksiyaların istehsalı müəssisəsi, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı müəssisəsi, üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri fəaliyyət göstərir.
“ATİLO” MMC-nin inşasına başladığı “Sərinləşdirici İçkilər Zavodu” müasir texnologiyalara əsaslanan istehsal sahəsidir. Zavodda sərinləşdirici içkilər istehsalı, pivə istehsalı, şüşə qablar istehsalı, sərin içki məhsullarının saxlanması və qablaşdırılması nəzərdə tutulur. İstehsal müəssisəsində xammal kimi regionda mövcud olan təbii resurslardan istifadə olunması nəzərdə tutulur. Layihə çərçivəsində 120 nəfər daimi işlə təmin ediləcəkdir.
Qədim xalçaçılıq ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması məqsədilə Ağstafa şəhərində Xalça fabrikinin tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 120 qadının daimi işlə təmin edilməsinin rayonumuz üçün xüsusi əhəmiyyəti vardır.
150 nəfərin çalışdığı “Akkord Tekstil” MMC-nin tikiş fabrikində istehsal olunan məhsullar Azərbaycan brendi ilə Avropaya, Rusiyaya və bir sıra Asiya ölkələrinə ixrac olunur.
400 nəfərin çalışdığı “Saloğlu” istehsalı müəssisəsinin nəzdində  İki hektar ərazisi olan 7 istehsal sahəsindən ibarət “Modern” mebel fabriki uğurla fəaliyyət göstərir. Fabrikdə Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Eyni zamanda 4 istehsal sahəsindən ibarət olacaq  “Venzana” mebel fabrikinin layihəsi üzrə işlər davam etdirilir. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulur. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası planlaşdırılır. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcəkdir. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcəkdir. Ağstafa rayonunun yol-nəqliyyatı sisteminin əsaslı surətdə yenidən qurulması həyata keçirilmişdir. 141 km respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və 5 avtomobil körpüsü inşa edilmişdir. Hazırda 10 km uzunluğunda Düzqışlaq-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi davam etdirilir.   
Beləliklə ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələri əsasında son illər Ağstafa rayonunda görülən və görüləcək işlər onu deməyə əsas verir ki,  gələcəkdə rayona cəlb olunacaq sərmayə artan dinamika ilə davam edəcəkdir. Bu da öz növbəsində Ağstafanın sosial-iqtisadi inkişafını sürətləndirməklə ağstafalıların məşğulluğunun maksimum dərəcədə təmin edilməsinə və sosial rifah halının daha da yüksəlməsinə zəmin yaradacaqdır.

Keçidlər