Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa: Göycəlidən gedən yoxdur, gələn var

03 fevral 2018 | 11:00

Göycəli elə də böyük kənd deyil. Əhalisinin sayı 2337 nəfərdir. Keçən ilin əvvəlində bundan 25 nəfər az idi. Artdı. Elə düşünməyin ki, artım təkcə yeni doğulanların hesabınadır. Yox, təbii artım öz yerində. Heç başqa yerdən kəndə gəlin köçənləri də nəzərdə tutmuruq. Bu da həmişə olacaq. Amma başqa şəhərdən, rayondan gəlib burada yaşamaq, əkin-biçinlə məşğul olmaq istəyənlərin sayının artması istər-istəməz diqqəti cəlb edir. Deməli, şərait var, torpağa pənah gətirənlər naəlac qalmırlar, yerli icra strukturlarının diqqətini və qayğısını hiss edirlər. Biri o biri tanışına, dostuna deyir ki, “nə görmüsən o şəhərdə, Göycəliyə gəl, nə var, burda var...” Beləcə bir də görürlər ki, kəndin əhalisinin sayı artır, adamların dolanışığı, yaşayış tərzi də dəyişir. Cəmi 5-6 il qabaq Göycəlidə, demək olar heç nə yox idi. Hətta ilk dəfə bu kənddə əhali ilə görüş keçirən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev saysız- hesabsız problemləri eşidərkən yanında sakit və həm də farağat vəziyyətində dayanan məmurlardan birinə “bəs bu adamlarla görüşə necə gələ bilirsiniz?”,– deyə soruşmuşdu. Elə ilk görüşdə görüləcək tədbirlərin siyahısı, bu işlərə məsul şəxslər, başlıcası isə konkret vaxt təyin edildi. Sonra daha bir görüş oldu. Bir qədər keçdi, başçı yenə hamını bir yerə topladı. Növbəti dəfə bir ağac kölgəsində, çay süfrəsi arxasında söhbətləşdilər. Başqa bir vaxt... Bax beləcə bir də gördülər ki, Göycəli daha o Göycəli deyil. Daimi qazı da var, işığı, suyu da. Yol-iriz də öz yerində. Sonuncu görüş keçən ilin dekabrında olmuşdu. Sakinlərlə elə rahat danışmaq olurdu ki... İcra hakimiyyətinin başçısı deyirdi ki, keçirilən bu görüşlər ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Ağstafa rayonunun bütün yaşayış məntəqələrində davam etdirilir. O zaman icra hakimiyyətinin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafada reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrdən, həyata keçirilən abadlıq-quruculuq işlərindən danışmışdı. Demişdi ki, rayonumuzun bütün yaşayış məntəqələrinə olduğu kimi, Göycəli kəndinə də göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Ən müasir tələblərə cavab verən Göycəli kənd tam orta məktəb binasının tikilib istifadəyə verilməsi, Vurğun qəsəbəsi, Göycəli, Tatlı, Köhnəqışlaq kəndlərini əlaqələndirən 24 kilometr uzunluğunda olan VurğunKöhnəqışlaq avtomobil yolunun və bu yolun üzərində olan iki körpünün tamamilə yenidən qurulması, eləcə də kəndin əsas küçəsinə 500 metr uzunluğunda yeni asfalt örtüyünün salınması, kənd uşaq bağçası- körpələr evinin əsaslı şəkildə yenidən qurulması qeyd olunanların bariz nümunəsidir. Həmçinin kəndin fasiləsiz elektrik enerjisi və təbii qaz təminatı da daim diqqətdə saxlanılır. Məhərrəm Quliyev bu dəfə də sakinlərin müraciət və təkliflərini həvəslə qəbul etmişdi və təbii ki, həmişə olduğu kimi, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını vermişdi. Kənd ağsaqqalları Abbasəli Musayev, Əsəd Əliyev və İlyas Orucov Göycəli kəndində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişdilər… Daha bir görüş keçən həftənin sonunda olub. Əslində, kəndin bir növ ənənəvi hesabatı idi. Yəni Aşağı Göycəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik illik hesabat verirdi, 2017-ci ilin hesabatını. Bu yığıncaqda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edirdilər. Hesabat iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev əsası ulu öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasından danışdı. İcra hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdə yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu il keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir. Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub. Həmçinin rayon icra hakimiyyətinin başçısı ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Ağstafanın da bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı: “Son illərdə Ağstafa rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, sənaye müəssisələri yaradılmış, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür”. Hesabat məruzəsi ilə çıxış edən RİH başçısının Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsi E.İsmayılov ötən dövrdə görülən işlər haqqında ətraflı məlumat verdi. İl ərzində qəsəbədə görülən işlərdən danışan E.İsmayılov bildirdi ki, hazırda kənddə 623 şəxsi təsərrüfat var. Mütəmadi olaraq, nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşdirilib. Daha sonra kənd sakinlərini maraqlandıran məsələlərə aydınlıq gətirildi, cari ildə nümayəndəliyin qarşısında duran əsas vəzifələr müəyyən edildi. …Bir vaxtlar bu yerləri tərk edib başqa yerlərə köçənlər indi geri qayıdırlar. Çünki bu kənddə nə desən var. Bu kənddə “nəyi necə edim” sualı qarşısında qalan da yoxdur. Elə ona görə də istər görüş olsun, istərsə də hesabat və ya iclas, rayon rəhbəri ora həvəslə, çəkinmədən gedir. Məhərrəm müəllim yaxşı dedi ki, bu inamı bizə cənab Prezidentimiz verib– qayğısı, diqqəti, köməyi ilə. Gərək etimadı doğruldaq.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər