Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ 2017-ci İLİN YEKUNLARINA DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLDİ

07 fevral 2018 | 11:00

    07 fevral 2018-ci il tarixdə “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisinin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayeva, rayonun hüququ-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə Mərkəzin önündə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hesabat yığıncağının gündəliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. İri ölçülü ekranda Ağstafada 2017-ci ilin yekunlarına həsr olunmuş qısametrajlı film nümayişindən sonra İcra başçısı geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki,  Ölkə başçısının bölgələrə vaxtaşırı səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməsi, sahibkarlığın inkişafına, işsizliyin aradan qaldırılmasına yönəldilmiş bir sıra qlobal layihələrin həyata keçirilməsi qarşıda duran sosial-iqtisadi vəzifələri həll etməyə imkan verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafanın da inkişafına böyük təkan vermişdir.  Azərbaycan Respublikasının Prezidentinin son illər rayonumuza səfərləri  zamanı Ağstafa şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenilənməsinin, Heydər Əliyev və Səməd Vurğun parklarının yenidən qurulmasının, Musiqi Mərkəzinin,  “Karvan-L” EKO sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirakı, yeni inşa olunmuş  Gənclər Mərkəzi, Yazıçılar Evi, Paintbol atıcılıq mərkəzi, Tarixi abidələr parkı, Bayraq Meydanı, əsaslı şəkildə yenidən qurulan  Heydər Əliyev Mərkəzi, Rayon Mədəniyyət Mərkəzi ilə tanış olmağı  və “Modern” mebel fabrikinin,  “Ağstafa Aqrar Sənaye Kompleksi”nin təməlqoyma mərasimində iştirakı hər bir ağstafalının yaxşı xatirindədir. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,0 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əmək haqqı 1,4 dəfə artmışdır.     Ağstafa rayonunda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi  istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7009 yeni iş yeri açılmışdır. Yeni iş yerləri təkcə kənd təsərrüfatı ilə bağlı sahələrdə deyil, rayonun sənayesini əhatə edən yeni müəssisələrin və turizmin inkişafı  hesabına artmışdır.  Ötən il rayona 34,8 milyon manat özəl investisiya qoyulmuşdur, bundan 25 milyon manatı xarici investisiyadır. 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika  daha da inkişaf etmiş, ümumi məhsul buraxılışının həcmi 53.5 faiz artaraq 208.8 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 29.7 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 28.4 faiz, tikintidə 2.2 dəfə, nəqliyyat xidmətində 4.0 faiz, rabitə xidmətində 6,0 faiz, ticarətdə 4.7 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.2 dəfə artmış və 95.2 milyon manat həcmində olmuşdur. Nəzərinizə çatdırım ki, ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 42.4 faiz təşkil edir. Rayon üzrə orta aylıq nominal əmək haqqı 241.7 manat təşkil edir. Ağstafa rayonunun yaşayış məntəqələri 98 faiz mavi qazla təmin olunmuşdur. Ötən il  Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi bərpa olunmuşdur. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa rayonu tam olaraq təbii qazla təmin edilmiş rayonların siyahısına daxil ediləcəkdir. Tarixə qovuşan 2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması kimi yaddaşlara həkk olundu.  Ümumi uzunluğu 15,5 km olan Ağstafa-Köçəsgər, Eynallı, Qırılı, 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq, 9,8 km uzunluğunda  Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu, 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı-Həzi Aslanov avtomobil yolları yenidən qurularaq ağstafalıların istifadəsinə verildi.  Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. 2017-ci ildə rayonumuzda ictimai siyasi vəziyyət sabit olmuşdur. Hesabat ili ərzində rayonun ictimai-siyasi və dini vəziyyəti sabit olmuş, hər hansı narahatçılıq yaradacaq hadisə baş verməmişdir.  2017-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 44 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 4891 nəfər sakin iştirak etmiş, 450 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 225-i həll olunub, 94-nün icrası davam etdirilir, 131 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının aparatında və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə sənədlərlə işin vəziyyəti və kargüzarlığın təşkili nəzarətdə saxlanılmışdır. Cari ildə daha böyük və həcmli layihələrin icrasının həlli, yeni və müasir sosial obyektlərin tikintisinin artırılması, abadlıq, yenidən qurma və tikinti işlərinin genişləndirilməsi, qəsəbə və kəndlərdə sosial infrastrukturun yenilənməsi, rayonda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sahəsində daha böyük həcmdə layihələrin icrasına nail olunmalıdır. Biz ağstafalılar həmişə olduğu kimi, bundan sonra da həyata keçirilən  möhtəşəm quruculuq işlərində daha da yaxından iştirak edəcək, Respublika Prezidentinin böyük diqqət və qayğısına əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayeva çıxış ediblər.
Hesabat yığıncağında tədbirdə iştirak edən rayon ictimaiyyətinin bir sıra nümayəndələri açıq mikrofon önündən öz istək və təkliflərini səsləndiriblər.
Hesabat yığıncağının sonunda 2017-ci ildə rayonun müvafiq sahələri üzrə fəaliyyətlərində fərqlənənlər Ağstafa rayon İcra hakimiyyətinin müvafiq “Fəxri Fərman”ları ilə təltif olunublar.
Hesabat yığıncağı işgüzar şəraitdə keçib.

 

Keçidlər