Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı məktəblilər növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar

26 mart 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağstafalı məktəblilər növbəti mərhələyə qatılıblar. Belə ki, bu gün  40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər. Hər tur-aksiya öncəsi olduğu kimi bu səyahətdən öncə də iştirakçılar Ağstafa rayon Heydər Əiyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Yolasalma mərasimində rayon İcra hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli və digərləri çıxış edərək aksiyaçılara uğurlar arzu edib, tur-aksiyanın əhəmiyyətindən geniş bəhs ediblər.
Dörd günlük səfər çərçivəsində məktəblilər Qəbələ, Şəki və Zaqatala istiqaməti üzrə səfər edəcəklər. Tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə də tanış olacaqlar. Zaqatalada şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər.

Keçidlər