Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın cəbhə kəndində Beynəlxalq Muzeylər Günü qeyd edilib

19 may 2018 | 11:00

“18 may Beynəlxalq Muzeylər Günü” münasibəti ilə cəbhə bölgəsində yerləşən Köhnəqışlaq kənd tam orta məktəbində geniş tədbir keçirilib. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm rol oynadığını göstərməkdir. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il Beynəlxalq Muzeylər Günü qeyd edilir.
“Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları qoruq ərazisində yerləşən abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə Köhnəqışlaq kənd tam orta məktəbində şagirdlərlə görüşüblər.
Qoruğun əməkdaşlarının “Əsrlərin yadigarı” adlı tanıtım layihəsi ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı olaraq yenidən qurulmuş Ağstafa şəhər 3 saylı tam orta məktəbdən başlanıb. Layihə artıq rayonun 30-dan çox şəhər və kənd orta məktəblərində təşkil edilib. Qoruq əməkdaşları Beynəlxalq Muzeylər Günü haqqında məktəblilərə ətraflı məlumat verib, muzeylərin keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçi olduğunu vurğulayıblar. Məktəbdə qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri sərgilənib, pavilyon qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilib. Monitor vasitəsilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanıb. Tədbirdə qoruq haqqında çəkilmiş sənədli film - “Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski və digər hədiyyələr şagirdlərə təqdim edilib.

Keçidlər