Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA ÖZ ŞƏHİDİNİ BÖYÜK İZDİHAMLA TORPAĞA TAPŞIRDI

21 may 2018 | 11:00

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini, əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Bu gün şəhid Adil Tatarov yaşadığı Qıraq Kəsəmən kəndində böyük izdihamla torpağa tapşırıldı. Dəfn mərasimində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşları,  Ağstafa rayon rəhbərliyi, rayon ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin xidmət etdiyi hərbi hissəsinin zabitləri iştirak ediblər.
Şəhidin 19 il öncə dünyaya gəldiyi evin qarşısında keçirilən izdihamlı mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək, müdafiə naziri Zakir Həsənovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanlığının başsağlığını şəhidin ailəsinə, doğmalarına və həmyerlilərinə çatdırıb. Qeyd olunub ki, 2017-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Adil Əli oğlu xidmət müddətində özünü nümunəvi, bacarıqlı və hərb peşəsini dərindən mənimsəyən, komandirlərin rəğbətini və təşəkkürünü qazanan döyüşçü kimi tanıda bilib. O, dəfələrlə döyüş, fiziki və mənəvi-psixoloji hazırlıqlarda, ictimai işlərdə özünü fəal bir əsgər kimi təsdiqləyib, təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
A.Qurbani bildirib ki, ermənilərin növbəti təxribatının arxasında bir neçə gün öncə qoşunların bu istiqamətdə qarşıdurma xəttinə səfər edən Ermənistanın yeni təyin olunmuş müdafiə və xarici işlər nazirləri dayanır və təxribatın onların tapşırığı ilə törədilməsi istisna deyil. Azərbaycan əsgəri düşmənin cavabını qısa vaxtda artıqlaması ilə verəcək. Nə qədər ki, gec deyil, düşmən məkrli və hiyləgər niyyətlərindən əl çəkməli və işğal etdiyi əzəli Azərbaycan torpaqlarından rədd olub getməlidir.
Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev deyib: “Bütün xalqımız kimi, ağstafalılar da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan ilk gündən müsəlləh əsgər olaraq Vətənin müdafiəsinə qalxıb və döyüşlərdə bir çox qəhrəmanlıq nümunələri göstəriblər. Ağstafalı döyüşçülərdən 146 nəfəri şəhidlik zirvəsinə ucalıb. Adil Tatarov isə Qıraq Kəsəmən kəndinin yeddinci şəhididir.”
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri, şəhid atası Yaqub İsmayılov, Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli Azərbaycan əsgərinin qüdrətindən söz açıb, bu qisasın yerdə qalmayacağını bildiriblər.
Şəhidin atası Əli Tatarov dörd bacının yeganə qardaşı olan oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasından qürur duyduğunu deyib.
Bölgənin müdafiəsində dayanan hərbi qulluqçular adından çıxış edən Rasim Manafov Adil Tatarov kimi mübariz oğulların intiqamlarının tezliklə alınacağına and içib.
Şəhidin cənazəsi hərbi orkestrin, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsinin və fəxri qarovulun müşayiəti ilə kənd qəbiristanlığına aparılıb, dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhidin cənazəsinə bükülən Azərbaycan bayrağı əbədi xatirə kimi atasına verilib.

Allah rəhmət eləsin!

 

Keçidlər