Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibli iclası keçirilib

06 iyun 2018 | 11:00

Bu gün Ağstafa rayonunda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə Şuranın geniş tərkibdə iclası keçirilib. Ağstafa rayon İcra hakimiyyətinin akt zalında rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli sahibkarlar, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şura iclasını giriş sözü ilə açan İcra başçısı gündəlikdə duran məsələləri və məruzəçiləri iclas iştirakçılarına təqdim edib.

RİH başçısının müavini Aydın Hacıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ramiz İmanov və rayonun baş memarı Sənan Mustafayev geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan  Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda   tədbirlər planına uyğun olaraq həyata keçirilmişdir. Dövlət Proqramında Ağstafa rayonunda 7 sahə üzrə 17  tədbirin həyata keçirilməsi nəzərdə tutulur.  Ağstafa rayonu üzrə 2018-ci ilin ötən dövrü ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 430  yeni iş yerləri yaradılmışdır.  İşə cəlb olunanların 96 faizi daimi  işlərdə işləyənlərdir. Müasir çörək istehsalı müəssisəsinin yaradılmasının dəstəklənməsi məqsədilə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci layihəsini təşkil edən Ağstafa Aqrar Sənaye Kompleksinin tikintisi işləri sürətlə davam etdirilir. Layihə üzrə paxlalı bitkilərin toxumu istehsalı zavodunun, çeşidləmə-qurutma və saxlama anbarının, dəyirman kompleksi, çörək və yarım fabrikat zavodunun, makaron zavudunun, 2400 kv metr sahədə müasir ticarət mərkəzinin, “Aqrar market” və “Fast Food” tipli iaşə obyektinin,  280 oturacaq yeri olan çox funksiyalı multifunksional konfrans, sərgi, 4 K sinema zalının və 130 yerlik yeraltı avtomobil dayanacağının inşası işləri sürətlə davam edir.
Cins heyvandarlıq, tingçilik, meyvəçilik, iri taxılçılıq və üzümçülük sahələrinin inkişafının dəstəklənməsinin həyata keçirilir. Meyvəçiliyin inkişaf etdirilməsi üçün soyuducu anbar və istixana kompleksləri, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binaları, ərik, xurma və üzüm bağlarının salınması üçün “Karvan-L EKO” MMC tərəfindən Sənaye parkında tikinti  işləri davam etdirilir. Rayonda İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar 3800 hektar torpaq sahəsi ayrılmış və sənədləşmə işləri aparılır. Üzümçülüyün inkişafı ilə əlaqədar 92 hektar sahədə süfrə sortu olan yeni üzüm bağları salınmışdır.  
Yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmirinin, yenidən qurulmasının, tikintisinin və körpülərin əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Ağstafa çayının üzərində, Poylu qəsəbəsində, Kür çayı üzərində, “Acı dərə” üzərində avtomobil körpülərinin, Ağstafa şəhərində yol ötürücüsü  tikilib işləri istifadəyə verilmişdir. Ağstafa-Köçəsgər, Vurğun-Köhnəqışlaq, Soyuqbulaq-Tinglik, Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yollarının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Vurğun-Köhnəqışlaq avtomobil yolunda Sağ sahil kanalı üzərində körpü yenidən tikilmiş və Köhnəqışlaq kəndində Həsənsu çayı üzərindəki körpü təmir olunmuşdur. Rayonun Kolayır-Düzqışlaq-MollaCəfərli-Xılxına-Qarahəsənli avtomobil yollarının yenidən qurulması həyata keçirilir.
Rayonun elektrik enerjisi, istilik, qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlər davam etdirilib. Pirili, Qırılı, Saloğlu, Soyuqbulaq, Köçvəlili, Soyuqbulaqlar, Muğanlı, Sadıqlı, Ağgöl, Böyük Kəsik kəndlərinə və Qarayazı,  H.Aslanov qəsəbələrinə  təbii qaz verilib. Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində Ağstafa şəhərində, Vurğun qəsəbəsində və Dağ Kəsəmən, Qırılı, Aşağı Kəsəmən, Zəlimxan, Köçəsgər, Göycəli, Aşağı Göycəli, Eynallı, Həsənsu, Poylu, Qıraq Kəsəmən, Düzqışlaq, Böyük-Kəsik, Sadıqlı kəndlərində DSLAM avadanlıqları quraşdırılmışdır. Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilmiş, Torpaqların su təminatının yaxşılaşdırılması üçün  2018-ci ilin ötən dövrü  ərzində 16 ədəd hidrotexniki qurğu, 5 ədəd hidropost, 1 ədəd nasos stansiyası, 9.0 km kanalların cari təmiri, 1 ədəd dükker, 3 ədəd selötürən, 2 ədəd suayrıcı, 1 ədəd səviyyəqaldırıcı, 0.4 km kanalda əsaslı təmir işləri görülmüşdür. Rayonun 8 yaşayış məntəqəsində 12 ədəd yeni subartezian quyuları istismara verilmişdir. Hazırda 7 ədəd subartezian quyularının qazılması işləri başa çatdırılmışdır.
Rayonda abadlıq-quruculuq işləri davam etdirilir. Ağstafa şəhərinin N.Nərimanov,  Ağamalıoğlu, R.Əsədov, E.Qələmçəli, N.Kəsəmənli, H.Arif, S.Vurğun, H.Abbas,  C.Cabbarlı, Nizami, Arif Qədiməliyev küçələrində və Heydər Əliyev prospekti döngə 2 ünvanında abadlıq işləri başa çatdırılmışdır. Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, fasadlarında və pilləkən qəfəsələrində təmir işləri aparılmışdır.   
Gündəlikdə duran məsələ ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təşkilat rəhbərlərinin arayışları dinlənilib. İclas işgüzar şəraitdə keçib.

İclasın yekununda 5 iyun  Meliorasiya və Su Təsərrüfatı İşçilərinin peşə bayramı münasibəti ilə rayonun bu sahəsində çalışan bir sıra əməkdaşlar fəaliyyətlərində fərqləndiklərinə görə Rayon İcra Hakimiyyətinin müvafiq “Fəxri Fərman”ları ilə təltif olunublar.

 

 

Keçidlər