Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Şəhidlərin Xatirə kompleksinin açılışı olub və şəhid Adil Tatarovun anım tədbiri keçirilib

29 iyun 2018 | 11:00

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində Şəhidlərin Xatirə kompleksinin açılışı olub və ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Adil Tatarovun anım mərasimi keçirilib.  Mərasimdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, əməkdar incəsənət xadimi, Prezidentin fərdi  təqaüdçüsü, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin hərbçiləri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları şəhidin təhsil aldığı orta məktəbin qarşısında inşa olunan Xatirə kompleksinin önünə əklil və gül dəstələri düzüblər. Mərasimi giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı qeyd edib ki, Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş Adil Tatarova ilk öncə dövlət başçısının göstərişi və müdafiə nazirinin əmri ilə “şücaətə görə” medalı ilə, bu ayın 25-də isə möhtərəm Prezidentimizin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunması vətənə, hərbçilərimizə, şəhidlərimizə və onların doğmalarına göstərilən yüksək dövlət qayğısının nümunəsidir. Müasir  Azərbaycan ordusu quruculuğunun təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi qüdrəti günü-gündən artır, inkişaf edir. Ordumuzun 2016-cı ilin Aprel döyüşlərindəki zəfəri və bu ilin may ayının sonlarında  Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin azad olunması, nəticə də on minlərlə hektar torpaqlarımızın düşmən tapdağından təmizlənməsi əminliklə onu deməyimizə əsas verir ki, şanlı Qələbəmiz çox yaxındadır.
Abdulla Qurbani öz çıxışında qeyd etdi ki, şəhid Adil Tatarovun təltif olunduğu “Vətən uğrunda” medalı Ağstafa rayon Heydər Əliyev Mərkəzində ailəsinə təqdim olunacaq və şəhidimizin adına növbəti  geniş anım  tədbiri keçiriləcəkdir.
Şəhidin atası Əli Tatarov və həmkəndlisi şəhid anası Sara Səttarova öz çıxışlarında şəhidlərimizə və onların ailə üzvlərinə hər zaman göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə etdilər.
Mərasimdən sonra tədbir iştirakçıları şəhid Adil Tatarovun qırx mərasimində iştirak ediblər.

 

Keçidlər