Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Litvanın Briştonas şəhəri ilə dostlaşır

12 avqust 2018 | 11:00

Ötən ilin noyabrında Litva Respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafa rayonunda olmuş, bir sıra maraqlı görüşlər keçirmiş, müxtəlif sahələr üzrə müqavilələr imzalamış və hər iki tərəf əməkdaşlığı yüksək səviyyədə davam etdirməyi qərara almışdı. O zaman qonaqlar Ağstafanın görməli yerləri ilə tanış olmuş, bir sıra sənaye müəssisələrinə baş çəkmiş, adamlarla görüşmüş, park və xiyabanları gəzmişdilər. Ağstafa litvalı qonaqlarda xoş təəssürat yaratmışdı…
İndi budur, Ağstafanın nümayəndə heyəti litvalıların qonağıdır. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyevin rəhbərliyi ilə rayonun nümayəndə heyəti Briştonas şəhərində səfərdədir. Nümayəndə heyətinə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Ağstafa Bələdiyyəsinin sədri, rayon gənclər və idman idarəsinin rəisi və ağstafalı iş adamı daxildir.
Ağstafalı qonaqları Briştonas Bələdiyyəsinin rəhbəri Niyole Dirqinçenieni və şəhərin məsul şəxsləri qarşılayıblar. Bir neçə gün davam edən səfər çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və Briştonas Bələdiyyəsinin rəhbərinin iştirakı ilə tərəflərin iqtisadi, sosial və ictimai münasibətlərinin qurulmasını əks etdirən əməkdaşlıq sazişi imzalanmışdır.
Müvafiq səfər proqramına uyğun olaraq, Briştonasda fəaliyyət göstərən xidmət və istehsal sahələrinin, eləcə də otellərin, sanatoriyaların, istirahət, idman və mədəniyyət mərkəzlərinin, kitabxana, uşaq bağçasının infrastrukturu ilə yaxından tanışlıq olub. “Taneta” şirkətinə olan ekskursiya isə hər kəsdə xoş təəssürat yaradıb. Burada məlumat verilib ki, şirkət 1989-cu ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti tibbi avadanlıqların istehsalı olan müəssisənin məhsulları həkimlər, mütəxəssislər və həm də istehlakçılar tərəfindən daim yüksək qiymətləndirilir.
Ən yüksək avadanlıqlarla təchiz olunmuş müəssisədə mineral suların şüşə qablara doldurulması prosesi də ağstafalı qonaqlarda böyük maraq doğurub.
Azərbaycandan gələn nümayəndə heyəti müvafiq proqrama uyğun olaraq, Briştonas Bələdiyyəsi rəhbərinin qəbulunda da olub. “Dəyirmi masa”  ətrafında keçən görüşdə fikir mübadilələri aparılıb, əməkdaşlığın detalları müzakirə olunub. Briştonasın rəhbəri Ağstafaya səfəri zamanı yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib. Öz növbəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev belə yüksək səfərlərin təşkilinə görə hər iki dövlətin başçısına dərin minnətdarlığını bildirərək qeyd edib ki, bu əməkdaşlıqdan gözlənilən etimadları doğrultmaq üçün var gücümüzlə çalışacağıq.
Ağstafadan aparılmış milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi ifadə edən, eləcə də digər rəmzi suvenir və hədiyyələr ev sahiblərinin böyük marağına səbəb olub.
Rəsmi görüşün sonunda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Bələdiyyənin xatirə kitabına öz ürək sözlərini yazıb və xatirə şəkilləri çəkdirilib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Keçidlər