Şriftin ölçüsü :

Saytın rəngi :

QÜRUR VƏ İFTİXAR MƏNBƏYİMİZ

14 noyabr 2018 | 11:00

Ağstafada Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Yeni Azərbaycan Partiyasının inzibati binasının önündə Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar və ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Qeyd edilib ki, milli bayrağımız müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Dövlət bayrağı meydanının salınması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızın bariz nümunəsidir. Dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzindədir. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Həmçinin Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında Dövlət Bayrağı Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyubova bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyun ayının 24-də verilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabr ayının 17- də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. İcra başçısının müavini Lalə Eyubova çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir.

             Vəli VƏLİYEV,

            “Respublika”.

Keçidlər