Şriftin ölçüsü :

Saytın rəngi :

Taxılçılığa maraq da artıb, istehsal da

15 noyabr 2018 | 11:00

Ərzaq məhsulları içərisində taxılın xüsusi yeri var. Məhz buna görə də fermerlərə göstərilən dövlət qayğısı sayəsində bu vacib ərzaq məhsulunun istehsalına maraq artmış, nəticədə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlıq da yüksəlmişdir.

Ağstafa taxılçıları da hər il uğurlu göstəricilərə nail olurlar. Cari ilin məhsulu üçün keçən il 10 min hektarda səpin aparılmış, yüksək aqrotexniki tədbirlərin həyata keçirilməsi nəticəsində bu il zəmilərdən bol məhsul götürülmüşdür. Belə ki, 1640 hektarda arpa səpini aparan fermerlər 44214 ton məhsul əldə etməklə orta hesabla hər hektardan məhsuldarlığı 25,7 sentnerə çatdırmışlar. Buğda istehsalı da nəzərdə tutulduğundan çox olmuşdur. Zəmilərdən 26846 ton buğda yığılmışdır ki, bu da hər hektardan 31 sentner məhsul deməkdir.

Hazırda rayonun taxılçılıqla məşğul olan fermerləri gələn ilin bol məhsulu üçün hazırlıq işlərinə başlamışlar. Builki göstəricidən razı qalan torpaq sahibləri əkin sahələrini bir qədər də genişləndirərək, 12 min hektara çatdırmağı qarşılarına məqsəd qoymuşlar. İndi fermerlər əlverişli keçən hava şəraitindən maksimum istifadə etməyə çalışırlar. Həyata keçirilən tədbirlər nəticəsində 10 min hektara yaxın torpaq şumlanmış, 1550 hektardan çox sahədə səpin aparılmışdır. Hazırda hər gün əkin sahələrinə 30-dan çox texnika çıxarılır.

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, taxıl səpini ilə əlaqədar rayonda qaynar xətt və operativ qərargah yaradılmışdır. Əkin və səpin vaxtı qarşıya çıxan hər hansı problem yerindəcə həll edilir. Bundan başqa, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri əkin və səpin aparılan sahələrdə olur, məsləhət və tövsiyələr verirlər.

Rayonda taxıl istehsalı ilə məşğul olan təsərrüfatlardan biri "Aqroservis” MMC-nin nəzdində olan "Ağstafa süd” ASC-dir. Keçən il 2700 hektar sahədə taxıl əkən kollektiv uğurlu göstəriciyə nail olub. Orta hesabla hər hektardan 36 sentner məhsul götürən taxılçılar hazırda gələn ilin yüksək məhsulu üçün zəmin yaradırlar. Artıq işin çox hissəsi görülüb. Yaxın bir neçə günə səpini başa çatdırmaq üçün bütün qüvvələr səfərbərliyə alınıb. Əsasən Almaniya istehsalı olan traktorlar və səpin aqreqatlarının məhsuldarlığı olduqca yüksəkdir. Artıq Saloğlu qəsəbəsində, Ağgöl, Böyükkəsik kəndi ərazilərində isə səpin başa çatdırılmışdır.

Səpilən taxıl toxumu rayonda istehsal edilir. Burada toxumçuluq üzrə bir neçə təsərrüfat ixtisaslaşıb. Belə təsərrüfatlardan birinə Adil Nəsibov başçılıq edir. Bu təsərrüfatda hər il 100 hektar sahədə taxıl əkilir. Əkin sahələri əsasən kənd sakinlərinin pay torpaqlarıdır. İcarəyə götürülmüş bu torpaqlarda hər il yüksək məhsuldarlıq əldə edilir. Məsələn, cari ildə hər hektardan 40 sentner məhsul götürən fermer deyir ki, bu rəqəm bizi qətiyyən razı salmır. Çalışırıq ki, 45-50 sentnerə çatdıraq. Bunun üçün böyük imkanlarımız var. Su sarıdan da korluğumuz yoxdur. Əkin-səpin üçün 4 traktorumuz, 2 taxılbiçən kombaynımız və 1 taxıldaşıyan nəqliyyat vasitəmiz var. Taxılçılara dövlət səviyyəsində də çox kömək göstərilir. Hər hektardan götürdüyümüz məhsula görə subsidiya alırıq. İmkanlarımızı götür-qoy edərək bu il əkin sahələrini bir qədər də genişləndirib 150 hektara çatdırmağı qərara almışıq.

Fermer məhsul satışında da elə bir problemin olmadığını bildirərək dedi ki, əsas alıcımız Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən bitki sortlarının qeydiyyatı və toxum nəzarəti xidmətidir. Hər il səpindən sonra alınmış çıxışı nəzərdən keçirən xidmətin əməkdaşları sahədən nümunə götürüb laboratoriyada müayinə edirlər. Taxılın kondisiyası, cücərmə faizi və keyfiyyəti ilə bağlı ümumi rəy verildikdən sonra məhsulun alıcısı olur.

Rayonda daha çox taxıl yetişdirən fermerlərdən biri də Xətai kəndindəki Bayram Musayevdir. Bu təsərrüfatda da ən çox toxumçuluğun inkişaf etdirilməsinə diqqət yetirilir. Burada 60 hektar taxıl əkilir. Hər il hər hektardan 35-40 sentner məhsul götürür. Əkin-səpin işlərində işlədilən texnikanı "Aqroservis” ASC-dən alan fermer söhbət zamanı dedi ki, texnikanın kənardan alınması məhsulun maya dəyərinə mənfi təsir göstərir. Buna görə gələcəkdə lazım olan səpin və biçin texnikalarının alınması qarşıda duran əsas məqsədlərdəndir.


Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər