Şriftin ölçüsü :

Saytın rəngi :

Gələcəyimiz olan uşaqlar hər cür qayğıya layiqdirlər

24 yanvar 2019 | 11:00

İstər ümumtəhsil məktəblərinin, istərsə də məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması istiqamətində görülən işlər böyük əhəmiyyətə malikdir. Çünki bu təlim-tərbiyə və təhsil ocaqları uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, onlarda müstəqil yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər uşaq tərbiyə müəssisələrində və məktəblərdə qoyulur. Elə bu səbəbdən də ölkənin bütün regionlarında olduğu kimi Ağstafa rayonunda da bu vacib məsələyə diqqətlə yanaşılır. Təkcə onu demək kifayətdir ki, son 5 ildə rayonda onlarla uşaq bağçası və məktəb binası yenidən tikilmiş və yaxud əsaslı şəkildə təmir olunmuşdur. Özü də bu uşaq bağçaları və məktəblərin çoxu kənd və qəsəbələrdə yerləşir.
Ağstafa Rayon İcra Hakimiyyətində olarkən dedilər ki, hazırda rayonda 34 məktəbəqədər uşaq tərbiyə müəssisəsi və 39 orta məktəb fəaliyyət göstərir. 1425 nəfər uşağın tərbiyə aldığı bu bağçaların 5-i rayon mərkəzində, 29-u isə kəndlərdədir. Şəhərdə olan 5 bağçadan 2-si yeni tikilmiş, 2-si isə əsaslı şəkildə təmir olunmuşdur. Müasir standartlara cavab verən bu bağçalarda demək olar ki, ən yüksək şərait yaradılmışdır. Bağçaların bütün inventarları yenilənmiş, müasir istilik sistemləri, standartlara cavab verən mətbəx yaradılmış, uşaqların zövqunə uyğun təmir işləri aparılmışdır. Bütün bağçalarda su anbarı, açıq və qapalı idman meydançaları inşa edilmişdir. İndi demək olar ki, yenidən tikilərək istifadəyə verilmiş Ağstafa şəhər 1, 3 və 4 saylı, Aşağı Kəsəmən kənd körpələr evi-uşaq bağçalarında fidan balaların hərtərəfli inkişaf etdirilməsi üçün hər cür şərait vardır.
Əsaslı şəkildə təmir edilmiş məktəbəqədər uşaq tərbiyə müəssisələrinin sayında da xeyli artım olmuşdur. Son bir neçə ildə Ağstafa şəhər 2 saylı, Dağ Kəsəmən, Poylu, Göycəli, Tatlı kəndlərində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında yenidənqurma işləri ilə bərabər əsaslı təmir işləri də görülmüşdür. Hazırda Dağ Kəsəmən kəndində daha bir körpələr evi-uşaq bağçasının inşası sürətlə davam etdirilir.
Rayonda ümumtəhsil məktəblərinin yenilənməsi istiqamətində də başlanan işlər uğurla davam etdirilir. Qeyd etmək lazımdır ki, son bir neçə ildə Ağstafada 17 yeni məktəb binası inşa edilərək istifadəyə verilmişdir. Yeni məktəb binalarının inşası ilə yanaşı mövcud tədris ocaqlarının əsaslı şəkildə təmiri də diqqət mərkəzində saxlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində istifadəyə yararsız hala düşmüş 5 məktəb binası tamamilə yenidən qurulmuş, ən müair tədris ocaqlarına çevrilmişdir.  
Məlum olduğu kimi son 15 ildə ölkəmizdə 3 min 100-dən artıq yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir ki, bu da respublikamızda olan ümumi məktəblərin 70 faizini təşkil edir. Hazırda bu iş indi də uğurla davam etdirilir. Respublika Prezidenti tərəfindən 2018-ci il üçün təsdiq edilmiş dövlət investisiya proqramına uyğun olaraq bu il ölkə ərazisində quraşdırılan 137 modul tipli məktəbdən 2-si Ağstafa rayonunda-Ağgöl və Kolayır kəndlərində istifadəyə verilmişdir. Hazırda rayonun Həzi Aslanov qəsəbəsində 20 yerlik daha bir modul tipli məktəbin quraşdırılmasına da başlanılmışdır. Bundan başqa 264 yerlik Böyük Kəsik kənd orta məktəbi üçün yeni binanın tikintisində də işlər sürətlə davam etdirilir. Rayonun Gürcüstanla həmsərhəd olan Sadıqlı kəndində isə yeni məktəb binasının tikintisinə hazırlıq işləri görülür.

                                                                             Sabir ƏLİYEV,
                                                                              “Azərbaycan”

Keçidlər