Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA XƏBƏRLƏRİ

18 fevral 2019 | 11:00

Ölkə Prezidentinin göstərişi ilə Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu baxımdan Ağstafa şəhərində 110/35/10 kilovoltluq elektrik yarımstansiyasının əsaslı şəkildə yenidən qurulması böyük əhəmiyyət kəsb edir. Yarımstansiya nəinki Ağstafanın, həmçinin Qazax rayonunun da elektrik enerjisi ilə təchizatını yaxşılaşdıracaq, yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə səbəb olacaq. Hazırda burada işlər başa çatmaq üzrədir.
Yol yenidən qurulur
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm yollarının yenidən qurulması ilə yaxından tanış olub. Qeyd edək ki,yenidənqurma işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Elə buna görə də icra hakimiyyətinin başçısı aidiyyəti qurumlara yol-nəqliyyat infrastrukturuna maneə törədən telekommunikasiya xətlərinin və elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsinə göstəriş verib. Müasir standartlara cavab verəcək yeni yola görə kənd sakinləri ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri vətəndaşlarla görüşərkən deyib ki, işlərin belə sürətlə aparılması yolun yaxın zamanlarda istifadəyə veriləcəyini göstərir. O əlavə edib ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi dövlət başçısının xüsusi diqqət mərkəzindədir və bu sahədə həyata keçirilən işlər davamlı xarakter daşıyır.
Şam ağacları əkildi
Rayonda hər şənbə günü ağacəkmə aksiyasının təşkili artıq ənənə şəklini alıb. Bu aksiya ötən şənbə də baş tutdu.
Rayon icra hakimiyyəti və YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyi tərəfindən Aşağı Göycəli və Xətai kəndlərinə gedən magistral yol kənarlarına ağaclar əkildi. Ərazidə həm də təmizləmə işləri aparıldı.
Tədbirin məqsədi ekoloji mühitin sağlamlaşdırılması və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləmək olub. Aksiya zamanı 200 yeni şam ağacı əkildi və yaşıllığa qulluq göstərildi.
Aşağı Göycəlidə görüş
Rayon icra hakimiyyətinin başçısı M.Quliyev Aşağı Göycəli kənd sakinləri ilə görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Aşağı Göycəli kənd İƏD üzrə nümayəndə Elşən İsmayılov kənddə görülən işlər haqqında məlumat verib.
Sonra rayon icra hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır. Uğurlu inkişaf üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir sıra layihələr icra edilir. O cümlədən, yeni müəssisələr yaradılır.
Qeyd edilib ki, son illərdə Aşağı Göycəli kəndində əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm tədbirlər görülüb. Kənddə qaz, işıq, içməli və suvarma suyu verilişi, yol, məktəb, uşaq bağçası kimi mühüm sosial obyektlərin işi daim diqqət mərkəzində saxlanılıb.
Görüşün sonunda M.Quliyev müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərinin və qaldırılan məsələlərin operativ qaydada həll olunması üçün aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər