Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa-Qardabani hava xətti yenidən qurulur

19 fevral 2019 | 11:00

Azərbaycanla Gürcüstan arasında çəkilən 330 kilovoltluq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər davam edir.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən bildirilib ki, “Reabilitasiya Planı”na uyğun olaraq, istilik, su və kiçik elektrik stansiyaları, yarımstansiyalar, o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirilir. Sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi artıq başa çatıb, böyük hissəsi isə davam edir.

Qeyd edək ki, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində tikinti və yenidənqurma işlərinin aparılması enerji sisteminin dayanıqlılığı, etibarlılığı və fasiləsizliyi üçün başlıca şərtlərdən biri olmaqla yanaşı, texniki itkilərin aradan qaldırılmasında da xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, elektrik enerjisinin idxal və ixrac əməliyyatlarında da əsas yük, həm də ötürmə xətlərinin üzərinə düşür. Ən əsası isə yüksəkgərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir.

Bu səbəbdən də ötən ilin sentyabr ayında aparılan kadr islahatlarından sonra başlanan sürətli və növbəli iş rejimi nəticəsində yüksəkgərginlikli 330 kilovoltluq 3-cü İmişli, 220 kilovoltluq ikidövrəli 1-ci və 2-ci Zabrat, 110 kilovoltluq 2-ci Göyçay, 1-ci və 2-ci Kimyaçılar, 1-ci, 2-ci, 3-cü, 4-cü “Səkkizinci kilometr” və 1-ci “Əhmədli” hava xətlərində aparılan tikinti yenidənqurma işləri yekunlaşıb. “Cənub” elektrik stansiyası ilə “Xırdalan” yarımstansiyası arasında 220 kilovoltluq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

Keçidlər