Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Ağstafa rayonunda uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması yüksək səviyyədə təmin edilir. Bunun üçün rayonda yeni bağça binaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunur, bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir. Bir sözlə, körpələr üçün hər cür yüksək şərait yaradılır.
Vurğun qəsəbə və Düzqışlaq kənd uşaq bağçalarının əsaslı təmir olunması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Ağstafada uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı sərəncamlar olduğu kimi həyata keçirilir.
Rayon İcra Hakimiyyətinn başçısı cənab Nizaməddin Quliyev bu gün Düzqışlaq kənd körpələr evi-uşaq bağçasında görülən işlərlə yaxından tanış olmuş, tapşırıq və tövsiyyələrini vermişdir.
Düzqışlaq kənd körpələr evi-uşaq bağçasında dam örtüyü yenisi ilə əvəz edilmiş, qapı pəncərələr dəyişdirilmiş, tavan, döşəmə yenilənmiş və əlavə otaqlar tikilmişdir. Hazırda təmir işləri davam etdirilir.