Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRTAC: Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun zəngin turizm potensialı var

21 fevral 2021 | 11:00

Ağstafa, 21 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğuna avtomobil yolunun çəkilməsinə başlanılıb. Yolun istifadəyə verilməsi ilə burada turizmin inkişafı üçün əlverişli şərait yaranacaq.

AZƏRTAC xəbər verir ki, qoruq ərazisində otellərin tikilməsi və digər infrastrukturun yaradılması istiqamətində də işlər görülür. Bu barədə qoruğun direktoru Musa Mursaquliyev məlumat verib. Onun sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin payız aylarına qədər yekunlaşması nəzərdə tutulur. Bundan sonra turizm şirkətlərinin cəlb olunması planlaşdırılır.

Keşikçidağın həm də arxeoloji turizmin inkişafı üçün böyük perspektivi var. Qoruğun əməkdaşı Mələknisa Mehdiyeva qeyd edib ki, bu ilin yayında qoruq ərazisində arxeoloji məktəbin təşkil edilməsi planlaşdırılır. “Arxeoloji yay məktəbinin iştirakçılarına diplom və sertifikatlar təqdim ediləcək. Əraziyə yeni yolun çəkilişi qoruğa çoxsaylı turistin cəlb olunmasına şərait yaradır”, - deyə M.Mehdiyeva söyləyib.

Qeyd edək ki, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 20 adda və 262 sayda tarixi abidə mövcuddur. Yolun inşasından sonra qoruq ilin bütün fəsillərində turist qəbul etməyə hazır olacaq. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.

Keçidlər