Şriftin ölçüsü :

Saytın rəngi :

“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşası davam etdirilir (VİDEO)

16 noyabr 2021 | 11:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən turizmin inkişafı və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin icrası həyata keçirilir. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşası davam etdirilir.

 “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 38-ci kilometrindən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.

Yolboyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək, kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülüb, yol yatağı genişləndirilib. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü boruların quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunub. Hazırda yeni yol əsasının inşası, yol əsası hazır olan hissələrə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub.

Qeyd olunub ki, 6-cı əsrə aid edilən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.

Keçidlər