Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olundu

28 iyul 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Ağstafa rayon İcra hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olundu. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasını sədrlik edən cənab Məhərrəm Quliyev  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclası barədə məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkə iqtisadiyyatı 5,7 faiz artmış, ümum daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. İnflyasiya cəmi 3,5 faiz təşkil etmiş, əhalinin pul gəlirləri ənənəvi olaraq  inflyasiyanı üstələyərək 6,2 faiz artmışdır. Kənd təsərrüfatında 7,3 faiz artım olmuş , taxılçılıqla məhsuldarlıq təxminən 20 faiz artmışdır.  Bu il üçüncü regional inkişaf Proqramı qəbul edilmiş, bunun nəticəsində 6 ayda ölkəmizdə 65 min yeni iş yeri yaradılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur.
“2015-ci ilin birinci yarısında Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etdi. Qeyd edildi ki, Ağstafa rayonunda da ilin birinci yarısında əldə olunan nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hesabat məruzəsində bildirildi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin birinci yarısında Ağstafa rayonunda Ümumi məhsul buraxılışının həcmi 3.7 faiz, o cümlədən  kənd təsərrüfatı məhsullarının istehsalı 1.9 faiz, tikinti işlərinin həcmi 2.2 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1.8 faiz artmışdır. Cari ilin birinci yarısında rayonda  nəqliyyat  və rabitə xidmətləri 2.0 və 2.3  faiz, ticarət 9.1 faiz artmışdır. 2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 faiz çoxalmışdır. Rayonda orta aylıq nominal əmək haqqı 1.6 faiz artaraq 240 manat olmuş, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 2.8 faiz artım qeydə alınmışdır. 2015-ci ilin birinci yarısında rayonda 417 yeni iş yeri aşılmışdır, onun da 372-si (89.2 %) daimi iş yeridir.
Cari ildə rayonda  abadlıq, tikinti işlərinin sürətlə aparılması təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq əsaslı təmir işləri aparılan Ağstafa rayon Mədəniyyət Evində işlər başa çatdırılmış, Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Hazırda Ağstafa şəhərinin  Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrinin yenidən qurulması işləri aparılır. Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Bərpa mərkəzinin yenidən qurma işləri, eləcə də RMX-nin doğum şöbəsində aparılan təmir işləri başa çatmaq üzrədir. Hazırda həmin şöbənin həyətində abadlıq işləri yekunlaşdırılr. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu və Soyuq bulaq qəsəbələrində qazlaşma layihəsi başa çatmaq üzrədir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Məmmədov İsa Mahmud oğluna və Azərbaycan mətbuatının 140 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Əliyev İbrahim Məmmədrza oğluna medal və vəsiqələri təqdim edildi. Həmçinin Azərbaycan mətbuatının 140 illik yubileyi münasibəti və rayonda peşə fəaliyyətində fərqləndiklərinə görə rayonun bir sıra mətbuat nümayəndələri rayon İcra hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edildilər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər