Şriftin ölçüsü :

Saytın rəngi :

Muğanlı kəndində bələdiyyə parkı istifadəyə verildi

22 aprel 2016 | 11:00

Ağstafa rayonunda aparılan abadlıq, tikinti və yenidən qurma işləri təkcə rayon mərkəzi ilə məhdudlanmır, rayonun digər qəsəbə və kəndlərində də sosial infrastruktur obyektlərinin bərpası və yenilərinin inşası işi ildən ilə artır. Ağstafa rayon İcra hakimiyyəti tərəfindən təsdiq edilmiş “Ağstafa rayonunun sosial-iqtisadi inkişafı proqramı”nda (2014-2018-ci illər) nəzərdə tutulmuş tədbirlərin icrası mütəmadi qaydada təmin edilir. Həmin proqrama əsasən rayonun Muğanlı, Dağ Kəsəmən, Aşağı Kəsəmən, Xətai, Tatlı və digər kəndlərində aparılan kəndarası yolların xırlanması, yeni sosial binaların tikintisi və abadlaşdırma işləri başa çatmaq üzrədir.
Muğanlı kənd parkında aparılan yenidən qurma və abadlıq işlərinin başa çatması və parkın kənd sakinlərinin istifadəsinə verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, Muğanlı kənd sakinləri iştirak etdi.
Muğanlı kənd sakinlərini parkın istifadəyə verilməsi münasibəti ilə təbrik edən cənab Məhərrəm Quliyev son aylarda ölkəmizin iqtisadi inkişaf sahəsində həyata keçirilən islahatlar kursu, eləcə də Ağstafa rayonunun sosial-iqtisadi inkişafı istiqamətində  əldə olunan nəticələr barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Ağstafa rayonunda kənd yerlərində yeni park salınması və əsaslı təmir edilməsi istiqamətində müəyyən təcrübə vardır. Bir neçə il əvvəl Eynallı kəndində bələdiyyə parkı salınarkən bildirilmişdir ki, rayonun digər qəsəbə və kəndlərində də park tikintisi diqqət mərkəzində olacaqdır. Muğanlı kəndinin bələdiyyə parkında yenidənqurma və tikinti işləri Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kənd İnvestisiya Layihəsi çərçivəsində maliyyələşdirilməsi həyata keçirilmişdir. Kənd ictimaiyyəti nümayəndələrinin də çıxışlarından sonra parkın açılışını bildirən rəmzi qırmızı lent kəsildi.
Bələdiyyə parkı yeni görkəmdə sakinlərin istifadəsinə verildi. Aparılan abadlıq və yenidən qurma işləri nəticəsində parkda yeni oturacaqlar və söhbətgahlar qoyulmuş, səkilərə dekorativ daş düzülmüş, parkın ərazisində işıq dirəkləri quraşdırılmış, parkın ətrafı hasara alınmışdır. Parkda müasir iaşə obyekti tikilmiş və yaşlı sakinlər üçün istirahət etməyə münasib şərait yaradılmışdır.

Keçidlər