İqtisadiyyat
Ağstafa rayonunun ərazisi 1504 kv. km, əhalisi 01.01.2018-cı il tarixə rəsmi qeydiyyatda 87.2 min nəfərdir. Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi vardır. Yaşayış məntəqələri 29 inzibati ərazi dairəsi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.Rayon ərazisində 132 idarə, müəssisə və təşkilat, 4 bank filialı, 1 bank olmayan kredit təşkilatı, 4 mehmanxana fəaliyyət göstərir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai-iaşə xidməti sahəsində çalışır. Hazırda məşğul əhalinin sayı 41860 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 17856 nəfər, sənayedə çalışanların sayı 330 nəfər, tikintidə 469 nəfər, təhsil, mədəniyyətdə 3726 nəfər, səhiyyə, sosial təminatda 1105 nəfər, nəqliyyat-rabitədə1004 nəfər, ticarət və ictimai-iaşədə 1337 nəfər, kreditləşmə, maliyyə və sığorta sahəsində 22 nəfər, idarəetmə orqanlarının aparatında 324 nəfər, digər təşkilatlarda 17632 nəfərdir. Məşğul əhalinin 6098 nəfəri dövlət, 37834 nəfəri qeyri dövlət sahələrində çalışanlardır. 2017-сı ildə rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında baş verən ən mühüm hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması, həmçinin on səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayırması , 2017-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının Ağstafa rayonu üzrə 7 yaşayış məntəqələrinə verilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə, eləcə də kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri davam etdirilir. Gələcəkdə balıqçılığın inkişaf etdirilməsi üçün Həsənsu çayı üzərində işlər aparılır. “Karvan-L” EKO Sənaye Parkınının tikintisi üçün 7 milyon manat vəsait qoyulmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli fast fud iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarının tikintisi həyata keçirilir. Ümumi sahəsi 2 min kvadratmetr olacaq fast fud iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcəkdir. “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsinin tikintisi üçün 26 milyon manat investisiya qoyulmuş və tikintinin tam başa çatdırılması üçün əlavə olaraq 13 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrinin icrası həyata keçirilir. “Venzena Mebel Fabriki”nin layihə smeta sənədləri hazırlanmış, torpaqayırma sənədləri hazırlıq mərhələsindədir, yaxın ğünlərdə mebel şəhərciyinin tikintisinə başlanılması nəzərdə tutulur. Məlumat verim ki, mebel şəhərciyinin tikintisi üçün 128 milyon 741 min manat investisiya qoyulması planlaşdırılır. Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilmişdir. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.50 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri başa çatmışdır. Ağstafa rayonunda yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, rayonun ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Rayonda fəaliyyət ğöstərən “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikdə ixrac yönlü məhsul istehsalı üçün əlavə olaraq 200 min (ABŞ) dolları həcmində investisiya qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 120 nəfərin çalışdığı fabrikdə ixrac üçün nəzərdə tutulan məhsulların istehsalı həyata keçirilir. Artıq fabrikin istehsal etdiyi məhsulların Avropa bazarına çıxarılması üçün müqavilələr bağlanmış və məhsullar ixrac olunur. Gələcəkdə məhsul istehsalını çoxaltmaq, işçilərin sayını iki dəfə artırmaq və ixrac məhsullarının çeşidini və həcmini artırmaq üçün tədbirlər görülür.Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,0 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əmək haqqı 1,4 dəfə artmışdır.
Ağstafa rayonunda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7009 yeni iş yeri açılmışdır. Ötən il rayona 34,8 milyon manat özəl investisiya quyulmuşdur, bundan 25 milyon manatı xarici investisiyadır.
Cənab Prezidentin təməlqoyma mərasimində iştirak etdiyi “Ağstafa Aqrar Sənaye Kompleksi”nin layihə üzrə saatda 25 ton istehsal gücündə olan dənli və paxlalı bitkilərin toxumu istehsalı zavodu, ümumi emal gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma və saxlama anbarının tikintisi, sutkada 120 ton emal gücündə dəyirman kompleksi, sutkada 48 ton istehsal gücündə çörək və yarımfabrikat zavodunun, sutkada 36 ton istehsal gücündə olan makaron zavodunun, əhaliyə hazır məhsulların və fasfud xidmətlərinin həyata keçirilməsi üçün 2400 kv metr sahədə müasir ticarət mərkəzinin, 280 oturacaq yeri olan çox funksiyalı sərgi mərkəzinin və 130 yerlik müasir yeraltı avtomobil dayanacağı parkının tikintisi başa çatdırılmaq üzrədir. Gələcəkdə 8 hektar torpaq sahəsində istixana kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu anbarların tikintisi nəzərdə tutulur. Almaniya şirkətlərinin avadanlıq və texnologiyalarından istifadə edilən kombinatda 310 nəfər yeni iş yeri ilə təmin ediləcəkdir. Layihənin ilkin dəyəri 36 milyon manatdır. Ölkə rəhbərinin xeyir-duası ilə fəaliyyətə başlayan “Karvan-L” EKO sənaye parkında istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.
Ağstafa rayonunda “ATİLO” MMC-nin inşasına başladığı “Sərinləşdirici İçkilər Zavodu” müasir texnologiyalara əsaslanan istehsal sahəsidir. Zavodda sərinləşdirici içkilər istehsalı, pivə istehsalı, şüşə qablar istehsalı, sərin içki məhsullarının saxlanması və qablaşdırılması nəzərdə tutulur. İstehsal müəssisəsində xammal kimi regionda mövcud olan təbii resurslardan istifadə olunması nəzərdə tutulur. Layihə çərçivəsində 120 nəfər daimi işlə təmin ediləcəkdir. 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika daha da inkişaf etmiş, ümumi məhsul buraxılışının həcmi 53.5 faiz artaraq 208.8 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 29.7 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 28.4 faiz, tikintidə 2.2 dəfə, nəqliyyat xidmətində 4.0 faiz, rabitə xidmətində 6,0 faiz, ticarətdə 4.7 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.2 dəfə artmış və 95.2 milyon manat həcmində olmuşdur. Ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 42.4 faiz təşkil edir. İl ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1.0 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 241.7 manat təşkil edir.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq Ağstafa rayonunun 2017-ci il büdcəsi mədaxil üzrə 7.4 milyon manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 2.9 milyon manat, gəlirlər 4.5 milyon manat təsdiq olunmuşdur. Keçən il ərzində yerli gəlirlər üzrə proqnoz 112.0 faiz yerinə yetirilmişdir. Büdcəyə daxil olan vəsaitlər ilk növbədə əmək haqqına və ona bərabər tutulan xərclərə yönəldilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 2017-ci il ərzində 1503 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. İşlə təmin olunanların 1202 nəfəri (80.0 faiz) daimi işlərdə işləyənlərdir. 2017-ci il ərzində 1010 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış və 356 nəfər işlə təmin edilmişdir. 21.12.2017-ci ildə rayonda “Əmək yarmarkası” keçirilmiş və 29 nəfər işlə təmin olunmuşdur. Ötən dövr ərzində 53 nəfərə işsiz statusu verilmiş və işsizlik müavinəti təyin edilmişdir. Hazırda Məşğulluq Mərkəzində 213 vakant iş yerləri mövcuddur. 2017-ci il ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmişdir (gələnlər 130, gedənlər 69, artım +61), təbii artım 611 (doğulanlar 1237, ölənlər 626), rəsmi qeydiyyata alınan nigahların sayı 495, boşanmaların sayı (98) bu göstəricinin 19.8 faizini təşkil edir.
2017-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları tərəfindən 63 layihə üzrə 784,9 min manat güzəştli kreditlər verilmişdir. Əhalinin banklardakı əmanətlərinin həcmi 2 milyon 962 min manat və ya 130 min ABŞ dolları ekvivalenti həcmində olmuşdur. Diqqətinizə çatdırım ki, ötən il əhalinin banklardakı əmanətlərinin həcmi 2.1 dəfə və ya 1 milyon 684 min manat artmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi 11604 nəfər əmək pensiyaçısına xidmət edir. 2017-ci ildə Ağstafa rayonu üzrə 4450 nəfər sosial müavinət alan qeydə alınmışdır. Sosial məişət xidməti sektorunda 209 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. Rayon üzrə 1645 nəfərə, 367 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir, hər ailəyə ödənilən yardımın məbləği 150 manat, adambaşına 33.50 manat təşkil edir. 2017-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 83,4 faiz əməl olunmuş, daxilolmaların 8,1 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan proqnoz tapşırığa 85,1 faiz əməl olunmuşdur.
Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ötən il ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi 14.3 min manat və ya 28.4 faiz artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. 2017-ci ilin taxıl mövsümü, eləcə də payızlıq və yazlıq bitkilərin əkilib-səpilməsində “Ağstafa Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı texnikasından istifadə olunmuşdur. 2017-ci ilin məhsulu üçün rayon üzrə 10595 hektar sahədə taxıl əkilmiş və 30883 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 29.1 sentner olmuşdur. Bostan-tərəvəz məhsullarının istehsalında da nəticələr uğurlu olmuşdur. Belə ki, 15.5 min ton kartof, 6.7 min ton tərəvəz, 2.6 min ton bostan, 13.2 min ton meyvə və 6.9 min ton üzüm məhsulu əldə olunmuşdur. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində ötən ildə rayonda 3.1 ton barama istehsal edilmişdir. Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayon ərazisində 8 mindən artıq tut tingi əkilmişdir. Ötən il rayon ərazisində 501 ha sahədə şəkər çuğunduru əkilmişdir. Rayon üzrə cəmi 2597 ton şəkər çuğunduru istehsal olunmuşdur. 2017-ci ildə rayonun heyvandarlıq sahəsində çalışan fermer və sahibkarlar da müsbət nəticələr əldə etmişlər. Ət, süd, yumurta istehsalı sahəsində uğurlu nəticələr alınmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvanların baş sayı xeyli artmışdır. Ötən il rayonda 4242 ton ət, 17112 ton süd istehsal edilmişdir. Ağstafa Suvarma Sistemləri İdarəsi bir neçə mənbədən 2017-ci ildə 121.5 mln. kub metr suvarma suyu qəbul edib, təsərrüfatlara 83.4 mln kub metr su verərək 57206 hektar sahədə suvarma işini yerinə yetirmişdir. İl ərzində subartezian quyuları ilə 3776 hektardan çox əkin sahələrinin suvarılması həyata keçirilmişdir. 2016-cı ildə rayonda qazılmış 12 ədəd yeni subartezian quyusu istismar üçün balansa götürülmüş, 7 ədəd subartezian quyusunun qazılması işləri aparılır və həmin quyuların istismara verilməsi cari ildə nəzərdə tutulur. Meşə Mühafizə və Bərpası Müəssisəsi 4017 hektar, Qarayazı Dövlət Təbiət Qoruğunun 9658 hektar meşə ərazisinə xidmət edir. 2017-ci ildə 95 ha sahədə Aqrobağ meşə əkini salınmışdır.
Respublikanın bütün regionlarında gedən abadlıq, quruculuq və yenidən qurma işləri Ağstafa rayonunda da özünü qabarıq göstərir. 2017-ci ildə Ağstafa şəhəri küçələrinin və çoxmənzilli yaşayış binalarının təmiri çərçivəsində tədbirlər uğurla icra olunmşudur. Ağstafa şəhərinin C.Cabbarlı küçəsi və burada yerləşən 5 çoxmənzilli kommunal yaşayış binaları da təmir olunmuşdur, eyni zamanda Nizami və İsa Hüseynov küçələri yenidən qurularaq şəhər sakinlərinin istifadəsinə verilmişdir. Küçələrə yeni asflat qatının qoyulması ilə yanaşı sakinlərin rahat və təhlükəsiz hərəkət etmələri üçün səkilərə dekorativ daşlar düzülmüş, uşaq arabalarının və velosipedlərin hərəkəti nəzərə alınmışdır, müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Ağstafa şəhəri S.Vurğun küçəsində yerləşən 8 ailəlik 23 nömrəli bina, Ş.Qurbanov küçəsində yerləşən 5 mərtəbəli 23 və 24 nömrəli, C.Cabbarlı 19 və 38 nömrəli, Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən 16 ailəlik, R.Alıcanov küçəsi döngə 2-də yerləşən şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş 4 mərtəbəli, 32 mənzilli çoxmənzilli yaşayış binalarında təmir-tikinti işləri aparılmışdır. H.Arif küçəsi 33 mənzilli yaşayış binasının istilik sistemi çəkilmişdir.
Ağstafa rayonunun yaşayış məntəqələri 98 faiz mavi qazla təmin olunmuşdur. Ötən il Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi ilə 39 yaşayış məntəqəsindən 38-i qazlaşdırılmış oldu. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa rayonu tam olaraq təbii qazla təmin edilmiş rayonların siyahısına daxil ediləcəkdir.Əhalinin elektrik enerjisi ilə təminatı sahəsində sıradan çıxmış transformatorlar bərpa edilmiş 10, 6 və 04 kv elektrik xətlərində cari təmir işləri aparılmış, 193 ədəd çürük dayaqlar və 16 km istismara yararsız naqillər yenisi ilə əvəz edilmişdir. Rayonun Zəlimxan, S.Vurğun, Həsənsu və Dağ Kəsəmən kəndlərində 6,5 km yeni SİP kabel xətti çəkilmişdir. 61 ədəd 10/0,4 kv-luq müxtəlif gücə malik transformatorlar əsaslı təmir olunaraq istismara verilmişdir.
2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması kimi yaddaşlara həkk olundu. Ümumi uzunluğu 15,5 km olan Ağstafa-Köçəsgər, Eynallı, Qırılı, 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq, 9,8 km uzunluğunda Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu, 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı-Həzi Aslanov avtomobil yolları yenidən qurularaq ağstafalıların istifadəsinə verildi. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası başa çatdırılmış və istifadəyə verilmişdir. 34 metr uzunluğunda Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində, Ağstafaçay üzərində 81 metr uzunluğunda, Kür çayı üzərindən 184 metr uzunluğunda, Acıdərəçay üzərindən 64 metr uzunluğunda, yeni körpüləri inşa olunmuşdur. Layihə çərçivəsində dəmir yolu, Ağstafaçay və Acıdərəçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılmışdır. Vurğun-Köhnəqışlaq avtomobil yolu üzərindən bir yeni körpü inşa olundu, Həsənsu çayı üzərindəki körpü isə əsaslı təmir olunmuşdur.
2017-ci il məzunlarından 225 nəfər artıq tələbə adını qazanmışdır. Ali məktəblərə sənəd verənlərdən 16 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən çox, ümumilikdə 40 nəfəri 500-dən çox bal toplamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli, “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq 1320 şagird yerlik həmin məktəb binası əsaslı surətdə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Rayonun cəbhə bölgəsində yerləşən Köhnəqışlaq kəndində müasir tipli 108 şagird yerlik məktəb binasının tikintisi başa çatdırılmışdır və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Rayonun Kolayır kəndində modul tipli 20 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Ötən il dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq Ağstafa məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara qoşuldular. Məktəblilər Qəbələ, Şəki, Zaqatala rayonlarını və Lənkəran, Masallı, Astara rayonlarını səyahət etmişlər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Regional Bilik Evi Ağstafa rayonunda açılmışdır. 2017-ci ildə rayonun məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan tədbirlər də uğurla icra olunmuşdur. 35 uşaq yerlik Aşağı Kəsmən kənd körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunmuş, 35 uşaq yerlik Göycəli kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur, 75 uşaq yerlik Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin inzibati binası əsaslı surətdə yenidən qurularaq ağstafalıların istifadəsinə verilmişdir. Bina ən müasir səhiyyə avadnlaıqları ilə təchiz olunmşdur. Rayonun Saloğlu qəsəbəsində Yaponiya səfirliyinin Ağstafa Rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan Tibb məntəqəsi tikilib istifadəyə verilmiş və lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Ağstafa rayonunda 77 mədəni-maarif müəssisəsi fəaliyyət göstərir. Rayonda 9 siyasi partiya, 7 ictimai təşkilat və 3 dini icma fəaliyyət göstərir. 2017-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 44 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 4891 nəfər sakin iştirak etmiş, 450 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 225-i həll olunub, 94-nün icrası davam etdirilir, 131 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Hesabat ilində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 1080 müraciəti (bunlardan 86.1 faizini ərizələr, 13.7 faizini şikayətlər, 0.2 faizini təkliflər təşkil edir) daxil olmuşdur. Müraciətlərin təhlili göstərir ki, onların 31.7 faizi dövlət orqanlarından, 68.3 faizi isə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin payına düşür. Daxil olan müraciətlərin 26.4 faizi müsbət həll olunmuş, 58.5 faizinə müvafiq izahat verilmiş, 6.1 faizi əsassız sayılmış, 3.3 faizi icradadır, 3.7 faizi baxılmaq üçün aidiyyəti təşkilata göndərilmişdir, 2.0 faizi qismən təmin edilmişdir.
Cari ildə Köhnəqışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi, Düzqışlaq-Kolayır-Xılxına-Qarahəsənli avtomobil yolunun əsaslı təmiri, Dağ Kəsəmən kəndinin sel təhlükəsinin qarşısının alınması üçün bəndlərin tikintisinin başa çatdırılması, yeni sənaye müəssisələrinin tikintisi, Xalça fabrikinin işə salınması, xidmət və ticarət obyektlərinin açılması, Ağstafa şəhərinin İ.Rəhimov, A.Ələsgər, M.Mustafayev, Q.Kərəm, H.Aslanov küçələrinin təmiri, coxmənzilli yaşayış binalarının əsaslı təmiri işləri planlaşdırılır.