Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə dair
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 22 iyul 2026-ci il tarixli, 9-23/136 nömrəli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 5 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 4 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 12 noyabr 2026-cı il tarixdən etibarən 20 iş günü müddətində Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 10 dekabr 2026-cı il saat 18:00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.
Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və s.) əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektoruna müraciət oluna bilər.






