Rayon haqqında
Rayon haqqında
Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-ci ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 88 379 nəfərdir (01.01.2020). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.
Ağstafa rayonu Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir.
Coğrafiyası
Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Kürün sahilində tuğay meşələrini qoruyub saxlamaq məqsədilə yaradılmış "Qarayazı" qoruğu sahilində yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə-Qazax və Qarayazı düzləri), cənub-qərb və şimal-şərq hissələri alçaq dağlıqdır. Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mişar daşı, bentonit gili, çınqıl, qum, sement xammalı və s. İqlimi mülayim isti, quru subtropikdir. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Yovşanlı-şoran-otulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində Tuqay meşələri vardır. Heyvanları: ayı, canavar, tülkü, çöldonuzu, boz dovşan, çölsiçanı və s. Quşları: qırqovul, turac, kəklik, göyərçin və s. Qarayazı Dövlət qoruğu Ağstafa rayonu ərazisindədir.
Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.
Tarixi
Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayon ərazisində çoxlu sayda qədim məscidlər var. Bundan başqa Qafqaz Albaniyası kilsəsi kimi tikilmiş Keşiş dağ məbədi də Ağstafada yerləşir.
Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, İskra, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:
Kalininkənd – Vurğun qəsəbəsi adı ilə (1990-cı il),
Kirovkənd – Həsənsu kəndi adı ilə (1990-cı il),