Mart ayının 18-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək
11 mart 2023 | 10:21
ADY mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.
Belə ki, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.
Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq.