Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 2017ci ilin ilk 6 ayında görülən işlər.

11 iyul 2017 | 11:00

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan  Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına 2015-ci ilin martında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev 19.10.2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində  “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməl qoyma mərasimində iştirak etmiş,  ümumi sahəsi  5048 kvadratmetr olan hazır məhsullar anbarına baxmışdır . Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin  layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı  3 zavoddan  ibarət olacaq. Bunlar  “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli  fast fud  iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq  fast fud iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.
Bundan əlavə Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialının təsis edilməsi qərara alınmışdır. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.38 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və  sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri hazırda sona çatmaq üzrədir. Burada 465,60 kv. metr sahə  toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. O cümlədən son illər Ağstafa rayonunun da yol infarstrukturunun əsaslı yenidən quruluması tədbirləri uğurla icra olunmaqdadır. Belə ki, hazırda əsaslı şəkildə yenidən qurulan  Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər  avtomobil yolunda əsaslı yenidənqurma işləri sürətlə davam edir. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yoluna asfalt-beton örtüyünün ilk qatı salınıb və hazırda ikinci qat asfalt örtüyünün qoyulması işləri davam etdirilir.
Görülən işlər bununla da bitmir belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası son mərhələdədir.Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.
Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr və 29,5 kilometr, Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metrdir.
Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.
Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Dövlətimiz ölkədə aqrar sahənin inkişaf etdirilməsini və bu əsasda əhalimizi gündəlik qida rasionumuza daxil olan çörəklə etibarlı təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Yaradılan aqrar islahatlar sistemi kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Dövlətin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf etməyə və kənd təsərrüfatı məhsul istehsalçılarının bu sahəyə marağı artmağa başladı. Bu il Ağstafa rayonunda 10595 hektar ərazidə taxıl becərilir.
Ağstafada yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi rayonun  ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Taxılçılıqla bağlı əkin sahələri ötən illə müqayisədə bir  neçə dəfə artırılmışdır.

 

Keçidlər