Ağstafa şəhər 3 saylı tam orta məktəb binasında əsaslı yenidənqurma işləri sürətlə davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 1320 şagird yerlik həmin məktəb binasında əsaslı təmir və yenidənqurma tədbirləri sürətlə davam etdirilir və işlər son tamamlama mərhələsindədir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun məsul işçiləri ilə birlikdə növbəti dəfə məktəbdə aparılan təmir işləri ilə yerində tanış oldu, müvafiq tapşırıqlarını verdi. 3,5 ha ərazisi olan məktəbin həyatyanı hissəsində abadlıq quruculuq işləri sürətlə aparılır. Belə ki, artıq məktəb ərazisinin dekorativ hasarla əhatəyə alınması yekunlaşmaq üzrədir. 6076,0 kv metr ərazisi olan məktəb binasının hər iki korpusunun köhnə dam örtüyü sökülmüş və müasir tələblərə cavab verən yenisi ilə əvəz olunmuşdur. 4 mərtəbəli binada köhnə suvaq qatları, uyğunsuz arakəsmələr, köhnə döşəmələr, pilləkən qəfəsləri, qapı və pəncərələr sökülərək tamami ilə yenilənmişdir. Layihəyə uyğun elektrik sistemi müasir tələblərə uyğun yenilənmiş, məktəbin binası təhlükəsizlik kameraları ilə əhatə olunmuşdur. Həmçinin məktəbə gedən əsas avtomobil yoluna yeni asfalt örtüyü də salınacadır.