Rayonun doğum evində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin inzibati binası əsaslı yenidən qurulur. Hazırda təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Binanın ətrafı abadlaşdırılıb, həyətinə dekorativ daşlar döşənib, yaşıllıq sahələrinə müxtəlif ağac və gül-çiçək kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb, müvafiq yerlərə istirahət skamyaları qoyulubdur.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul işçiləri ilə birlikdə növbəti dəfə doğum şöbəsində aparılan işlərlə yaxından tanış oldu, müvafiq tapşırıqlarını verdi. 20 çarpayılıq doğum şöbəsinin inzibati binası ən müasir texnologiyaya əsaslanan səhiyyə avadanlıqları və cihazları ilə təchiz olunacaqdır. Burada ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi quraşdırılmışdır ki, bunun da köməyi ilə istənilən vaxt hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkün olacaqdır. Eyni zamanda cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri də fəaliyyət göstərəcəkdir. Cərrahiyyə otaqları elektron idarə olunan stollarla, narkoz aparatları ilə, eləcə də reanimasiya şöbəsi yüksək standartlara cavab verən süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün müvafiq cihazlarla təchiz ediləcədkir. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılacaqdır. Həmçinin, burada fəaliyyət göstərəcək laboratoriyalarda da ən son texnoloji avadanlıqlar quraşdırılacaqdır.