Şriftin ölçüsü :

Saytın rəngi :

24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq avtomobil yolunda yenidənqurma işləri sürətlə davam edir

18 avqust 2017 | 11:00

Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan sakinlərə dövlət qayğısı daim yüksək diqqətdə saxlanılır. Avtomobil yolları əsaslı yenidən qurulur, yeni-yeni təhsil, səhiyyə ocaqları, körpələr evi-uşaq bağçaları inşa olunur, kommunal şəraitləri yaxşılaşdırılır, sakinlərin məşqulluğunun maksimum  təmin etmək məqsəi ilə müvafiq tədbirlər görülür, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün lazımi şərait yaradılır.
O cümlədən Ağstafanın cəbhə bölgəsində yerləşən Köhnəqışlaq kəndi də diqqət mərkəzində saxlanılır. Belə ki, hazırda 5 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun əsaslı yenidən qurulması işləri sürətlə davam etdirilir.  “Azəravtoyol” ASC tərəfindən  eni 12 metr olan və 3-cü texniki dərəcəyə uyğun tikilən yolda artıq torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır. Hazırda Həsənsu çayı üzərində körpünün təmiri və Sağ Sahil kanalı üzərində yeni körpünün tikintisi davam edir.  Avtomobil yolunda işlər tam olaraq yekunlaşdıqdan sonra yol nişanları və məlumatverici lövhələr, yolcizgi və yol göstərici xətlər çəkiləcək. Avtomobil yolunun yenidən qurulması müvafiq qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Keçidlər