Şriftin ölçüsü :

Saytın rəngi :

Qarayazı qəsəbəsində sakinlərin növbəti səyyar qəbulu

25 avqust 2017 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə Qarayazı qəsəbəsində sakinlərlə görüşdü. Tədbirdə rayonun bir sıra məsul rəhbər  işçiləri və qəsəbə sakinləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ilk öncə  ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, eləcə də son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafa rayonunda həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələrdən və hazırda bu istiqamətdə aparılan işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayonun bütün yaşayış məntəqələrinin, o cümlədən Qarayazı qəsəbəsinin də qaz, işıq, içməli və suvarma su, yol məsələləri, eləcə də körpələr evi-uşaq bağçası, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim  diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atılır. Hazırda Qarayazı qəsəbəsinə gedən avtomobil yolu ən müasir standartlara uyğun yenidən qurulur. Belə ki, rayonun 3 yaşayış məntəqəsini,  Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrini  Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu ilə əlaqələndirən  uzunluğu 9,5 km olan  Soyuqbulaq-Qarayazı avtomobil yolunun əsaslı yenidən qurulması işləri sürətlə davam etdirilir. Eyni zamanda Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Kür çayının sol sahil yaşayış məntəqələri olan Ağgöl kənd, Qarayazı, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrində əhalinin içməli su təminatının yaxşıladırılması ilə əlaqədar işlərə başlanılmışdır. Yaxın gələcəkdə bu yaşayış məntəqələrinin sakinləri ekoloji cəhətdən təmiz və fasiləsiz içməli su ilə təmin olunacaqlar.
Görüşdə iştirak edən kənd ziyalıları Elxan Mustafayev və İmran Nəbiyev  qəsəbənin əhalisi adından onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər