8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirildi
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk öncə bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi. Azərbaycan qadınına dövlətimizin göstərdiyi yüksək diqqət və qayğıdan danışdı. Görkəmli qadın şəxsiyyətlərimizdən və onların ölkəmiz üçün etdiyi fədakarlıqları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Cənab Məhərrəm Quliyev bildirdi ki, bu gündə istənilən sahədə qadınlarımızın rolu əvəzolunmazdır. Sonra çalışdıqları sahədə fərqlənən qadınlara Ağstafa rayonu İcra hakimiyyətinin “Fəxri Fərman” və hədiyyələri təqdim olundu.
Tədbirdə çıxış edən iki şəhid anası Firəngiz Abbasova, şəhidin həyat yoldaşı Həcər Əşrəfova, Sosialist Əməyi Qəhramanı Yasəmən Məmmədova və digərləri qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.
Təşkil olunmuş çay süfrəsi ətrafında əyləşən bütün qadınlara bayram hədiyyələri təqdim olundu.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi bayram konserti ilə davam etdirildi.