Əsaslı yenidən qurulan Soyuqbulaq-Qarayazı avtomobil yolu yaxın zamanda istifadəyə veriləcəkdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağstafa rayonunun bütün sahələri, o cümlədən yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Belə ki, hazırda uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq, 13,5 kilometr uzunluğunda Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolları ilə yanaşı 9,5 km uzunluğunda olan Soyuqbulaq-Qarayazı avtomobil yolunda da əsaslı yenidənqurma işləri sürətlə davam etdirilir. Əsaslı yenidən qurulmuş 13,0 km uzunuluğunda olan Ağstafa – Köçəsgər avtomobil yolunda isə son tamamlama işləri həyata keçirilir.
Rayonun 3 yaşayış məntəqəsini, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrini Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu ilə əlaqələndirən Soyuqbulaq-Qarayazı avtomobil yolunda zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi inşaat material tökülərək yenidən kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdırılıb, hazırda yeni yol yatağının inşası işləri davam etdirilir. Asfalt - beton örtüyünün eni 7,0 mert olmaqla iki hərəkət zolaqlı olacaqdır. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunda həmçinin yollardan keçəcək su keçidləri üçün lazımı işlər həyata keçirilir.
Layihəyə uyğun tikilən avtomobil yolunda işlər tam olaraq yekunlaşdırıldıqdan sonra yol nişanları və məlumatverici lövhələr, yol cizgi və yol göstərici xətlər çəkiləcəkdir. Avtomobil yolunun yenidən qurulması müvafiq qaydada tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.