Ağstafa rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi
Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzində rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Rafiq Qəndilov, rayonun təhsil işçiləri, bu il ali məktəblərə yüksək ballarla daxil olmuş məzunlar, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbirdən öncə konfrans iştirakçıları Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istrahət parkında Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzdülər. Ümummilli liderin əziz xatirəsinə ehtiamlarını bildirdilər.
Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq yeni tədris ilinin başlanması münasibəti ilə rayonun bütün pedaqoji kollektivini təbrik etdi. Bildirdi ki, təhsil sahəsi hər bir cəmiyyətin inkişafında mühüm göstərici olmaqla yanaşı vətəndaşların bilik və dünyagörüşünün əsasını təşkil edir. Ulu öndərimiz Heydər Əliyev təhsil sahəsində geniş islahatlar kursu həyata keçirmiş, həmişə müəllim əməyinə yüksək qiymət vermiş, müəllim haqqında xoş sözlər söyləmişdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. Dahi rəhbərimizin bu fikri müəllimin cəmiyyətdə yeri və rolunu dəqiq ifadə edir. Ümummilli liderimiz Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada fundamental və humanitar elmlərin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdəki fəaliyyəti onun Ulu öndərimizin əsasını qoyduğu mütərəqqi elm və təhsil ənənələrini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı güclənmişdir. Cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə yeni-yeni məktəb və əlavə korpuslar tikilmiş, həmçinin təhsil müəssisələrinin əsaslı təmiri və bərpası, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Görülən bütün işlərin əsas məzmunu ondan ibarətdir ki, məktəblərdə şagirdlərə yüksək səviyyəli bilik verilsin, böyüməkdə olan nəsil elmin inkişafından xəbərdar olsun, ən yeni texnologiya ilə işləməyi bacarsın. Son dövrdə rayonda 8 məktəb yenidən tikilmişdir. Bu tədris ilində 108 şagird yerlik Köhnəqışlaq və modul tipli 20 şagird yerlik Qarahəsənli ibtidai məktəb tikilmiş və 1024 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəb binasında əsaslı yenidənqurma işləri sürətlə davam etdirilir.
Sonra Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov hesabat məruzəsi ilə çıxış edərək rayonda təhsil sahəsində görülmüş və görüləcək işlər barədə ətraflı məumat verdi.
Öz çıxışlarında Təhsil Nazirliyinin məsul işçisi Rafiq Qəndilov, Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, əməkdar müəllim İndira Səmədova təhsilə göstərilən yüksək dövlət qayğısından geniş bəhs etdilər.
Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxundu. Daha sonra Ağstafa rayon İcra hakimiyyətinin başçısının 08 sentyabr 2017-ci il tarixli 131 nömrəli sərəncamı ilə təhsildə və pedaqoji sahədə fərqlənən müəllim və tələbələrə müvafiq “Fəxri Fərman”lar təqdim olundu. Sonda onlarla xatirə şəkili çəkdirildi.