Növbəti görüş cəbhə bölgəsində yerləşən Yaradullu kəndində keçirildi
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərin səyyar görüşləri davam etdirilir. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti görüşünü cəbhə bölgəsində yerləşən Yaradullu kəndində keçirdi. Tədbirdə rayonun bir sıra rəhbər şəxsləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, kənd ictimaiyyətinin nümayəndələri, eləcə də 24 km uzunluğunda əsaslı yenidən qurulan Vurğun-Köhnəqışlaq avtomobil yolunda çalışan mütəxəssislər iştirak edirdi. Rayon İcra hakimiyyətinin başçısı çıxışında dövlət başçısının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi xüsusi diqqət və qayğıdan geniş bəhs etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və birinci vitse Prezident Mehriban xanım Əliyeva Ermənistanla təmas xəttində yerləşən rayonlarımıza səfərləri bir daha göstərir ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və müvafiq tapşırıqlar verir. Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində abadlıq-quruculuq işləri aparılır, yol, rabitə, elektrik enerjisi, qaz, su xətti infrastrukturları yenilənir, yeni məktəb, körpələr-evi uşaq bağçaları, tibb məntəqələri inşa olunur və ya əsaslı təmir olunur. Rayonun Yaradullu kəndində də sakinlərin rahat yaşaması üçün zəruri tədbirlər görülür. Belə ki, hazırda yenidən qurulan Vurğun-Köhnəqışlaq avtomobil yolunun layihəsinə uyğun kənddə məhəllədaxili yollarına asfalt örtüyünün salınması işləri davam etdirilir, kənddə 2 ədəd subartezian quyusu təmir edilmişdir, yararsız elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur, kənd orta məktəbində təmir işləri başa çatdırılmışdır. Görüşdə iştirak edən sakinlərin təklif və müraciətlərini dinləyən İcra başçısı qaldırılan məsələlərin ən qısa müddətdə operativ qaydada həll olunması üçün aidiyyatı üzrə konkret tapşırıqlarını verdi. Öz növbəsində kənd sakinləri Həsənov Hüseyn Qasım oğlu, Nağıyev Akif Əhməd oğlu, Abbasov Fizuli Zilfəli oğlu kənddə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Görüş işgüzar şəraitdə keçdi.