27 sentyabr Ümumdünya Turizm günü Ağstafada silsilə tədbirlərlə qeyd olundu
27 sentyabr Ümumdünya Turizm günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 sentyabr 2016-cı il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən hər il 27 sentyabr ölkəmizdə “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilir. Həmin sərəncamın uyğun olaraq bu tarixdə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeylərdə “açıq qapı” günü kimi qeyd olunur. Turizm günü ilə əlaqədar Ağstafa rayonunda silsilə tədbirlər keçirilmişdir. Belə ki, "Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu “Keşikçidağı tanıdaq” layihəsi adlı tədbirlər çərçivəsində “Keşikçidağı tanıdaq” devizi ilə ənənəvi tanıtım pavilyonunu növbti dəfə Ağstafa şəhər Səməd Vurğun adına mədəniyyət və istirahət parkında qurmuşdur. Pavilyonda qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri sərgilənmişdir. Tədbirdə qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri təqdim olunmuş, qoruq haqqında çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajlı sənədli film nümayiş etdirilmiş, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər satışa çıxarılmışdır. Filmin diskləri, bukletlər, flayerlər (üç dildə) pavilyonu ziyarət edən sakinlərə pulsuz paylanılmışdır. Eyni zamanda qoruq ərazisinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyada AMEA-nın Arxeologiya və Entoqrafiya institutunun əməkdaşı, tarix üzrə fəlsəfə elmləri doktoru Mansur Mansurovda iştirak etmişdir. O, ekskursiyaçılara qoruq ərazisində yerləşən tarixi abidələr və “27 sentyabr Ümumdünya Turizm günü” haqqında ətraflı məlumat vermişdir. Ekskursiya bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev adına zirvə” yə yürüşlə başa çatmışdır. “Keşikçidağ” mağaralar kompleksi yürüş iştirakçılarında zəngin təəsuratlar yaratmışdır.