Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı Ağstafada qeyd olundu
Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli müvafiq sərəncamına əsasən hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu gün münasibəti ilə Ağstafa rayonunda keçirilən tədbirdə rayon Prokurorluğunun işçiləri, eləcə də rayon İcra hakimiyyətinin, rayonun hüquq mühafizə-orqanlarının nümayəndələri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin komandiri iştirak edirdi. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət etdilər. Abidə önünə gül dəstələri düzüb dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzinə ekskursiya edildi. Mərkəzdə ümummilli liderin keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən ekspozisiya zallarındakı fotostendlərə tamaşa olundu. Tədbirdə xüsusi ilə qeyd olundu ki, məs ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövr başlanıb. Bu dövrdə ölkəmizin prokurorluq orqanları qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə inkişaf yolu keçmişdir. “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə də məs Ulu Öndərin sərəncamı ilə təsdiq edilibdir. Ölkəmizdə Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətçilik siyasəti uğurla həyata keçirilir. Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti və strukturu təkmilləşdirilmiş, kadr potensialı gücləndirilmiş, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə işçilərinin sosial müdafiəsinin yüksəldilməsi yönündə zəruri addımlar atılmışdır.