Ağstafa rayonu Saloğlu qəsəbəsində yeni tibb məntəqəsinin açılışı oldu
Bu gün Yaponya dövlətinin maliyyə dəstəyi ilə Yaponyanın Azərbaycandakı səfirliyi tərəfindən yeni inşa edilmiş Saloğlu qəsəbə Tibb məntəqəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Yaponyanın Azərbaycandakı səfiri Teruyuki Katori də iştirak etmişdir. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq rəsmi qonağı Ağstafada görməkdən məmnunluğu ifadə etdi və bütün ağstafalılar adından yeni inşa olunmuş tibb məntəqəsi üçün dərin minnətdarlığını bildirdi. Qeyd olundu ki, əsasi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yaponya- Azərbaycan əlaqələri bu gün də bütün sahələrdə uğurla davam etdirilir. Dövlətlərimiz arasında aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Yaponya dövlətinin maliyyə dəstəyi ilə Saloğlu qəsəbəsində tikilmiş müasir tipli tibb məntəqəsinin açılışına toplaşmışıq. Yaponyanın Azərbaycandakı səfiri çıxış edərək Yaponya Dövləti tərəfindən bir çox sosial yönümlü layihələrin həyata keçirildiyini bildirdi. Azərbaycanın müxtəlif bölgələrində də körpələr evi-uşaq bağçaları və tibb məntəqələrinin tikintisi həyata keçirildiyini və gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirdi.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva və Saloğlu qəsəbə tam orta məktəbinin direktoru Güloğlan Kərimov çıxış edərək tibb məntəqəsinin tikintisinə görə qəsəbə sakinləri adından Yaponyanın Azərbaycandakı səfirinə minnətdarlığını bildirdilər. Sonra səfir və rayon İcra hakimiyyəti başçısının birinci müavini yeni tibb məntəqəsinin açılışını ifadə edən rəmzi lenti kəsdilər. Binada yaradılan şəraitlə yaxından tanış olundu. Sonda rəsmi qonaq rayonun tibb işçiləri ilə birlikdə xatirə şəkili çəkdirdi.