Ağstafada çoxmənzilli yaşayış binalarının təmiri davam etdirilir
“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri istiqamətində tədbirlər uğurla icra olunur və bu sahədə işlər sürətlə davam etdirilir. Belə ki, təmir olunan binaların dam örtükləri tamami ilə yenidən qurulur, blok girişlərinin və pilləkən qəfəsələri əsaslı təmir olunur, qapı və pəncərələri, kommunikasiya xətləri yenilənir. Həmçinin ətraf ərazidə də abadlıq işləri həyata keçirilir. Müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahat dincəlmələri üçün istirahət qüşələri yaradılır, həyətlərinə dekorativ tipli döşəmə daşları vurulur.
Təmir işlərinin başlandığı növbəti çoxmənzilli bina Ağstafa şəhəri S.Vurğun küçəsində yerləşən 8 ailəlik 23 nömrəli binadır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə həmin binaya baxış keçirdi, müvafiq tapşırıqlarını verdi. İcra başçısı binada yaşayan sakinlərə bildirdi ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq yaxın zamanda Ağstafa şəhərində təmir olunmamış çoxmənzilli yaşayış binası qalmayacaqdır. Yaxın zamanda Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən 16 ailəlik və döngə 2-də yerləşən 20 ailəlik çoxmənzilli yaşayış binalarında da təmir işləri başlanacaqdır.