Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFADA NÖVBƏTİ DƏFƏ GƏNCLƏRİN TƏNTƏNƏLİ HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI MƏRASİMİ KEÇİRİLDİ

10 oktyabr 2017 | 11:00

 “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın  1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirildi. Tədbir  Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildirdilər.  Mərasimi giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı  Məhərrəm Quliyev  hərbi xidmətə yola salınan gəncləri, onların valideynlərini və doğmalarını ürəkdən təbrik etdi. Dövlətimizin və xalqımızın onlara bəslənən ümidlərini  layiqincə doğruldacaqlarına , Vətənə şərəflə xidmət edəcəklərinə əminliyini bildirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz  Qafqazın ən qüdrətli  ordusuna çevrilmişdir. Hərbi hissələrimizdə əsgər və zabitlərimizin xidməti üçün ən yüksək şərait yaradılıb. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gün bə gün artır. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyə çatdırılmışdır. Bu isə ordumuzun döyüş potensialını,  ruh yüksəkliyi və vətənpərvərlik hisslərini artırır, möhkəmləndirir. Azərbaycan Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların, əsgər və zabitlərin sosial müdafiəsi istiqamətində zəruri tədbirlər görülür, onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini Füzuli Əliyev məruzə ilə çıxış edərək  çağırışçılara ilk gündən hərbi xidmətdə məsuliyyətli olmağı, əmrləri düzgün yetirmələrini, eləcə də komandirlərin məsləhətlərinə diqqətlə qulaq asmalarını tövsiyə etdi. Daha sonra çıxış edənlər şəhid atası Yaqub İsmayılov, rayon ağsaqqalı Misir Həsənov, valideyn Kamal Yusifov da bu əlamətdar gün münasibətilə öz ürək sözlərini bildirdi və çağırışçılara uğurlu hərbi xidmət arzu etdilər. Çağırışçı Tofiq Paşşanov öz çıxışında Vətənə xidmət etmək üçün yola düşdüyünə görə qürur duyduğunu və yoldaşları adından onlara göstərilən bu müqəddəs etimadı layiqincə doğruldacaqlarını əmin etdi.
Rayonunun mədəniyyət işçilərinin təqdim etdikləri geniş konsert proqramından sonra çağırışçılar üçrəngli bayrağı öpərək müqəddəs Quran kitabının altından keçdilər. Ulu öndərimiz Heydər Əliyevin abidəsi önündə rayon rəhbərliyi və çağırışçılar xatirə şəkli çəkdirdilər.
Sonda çağırışçılar rayon rəhbərliyi və doğmaları ilə görüşərək yüksək əhval-ruhiyyədə onlara ayrılmış xüsusi avtobusda məsul şəxslərin müşayiti ilə müddətli həqiqi hərbi xidmətə yola salındılar.

Keçidlər