Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizin nəaliyyətləri” mövzusunda növbəti seminar-treninq Dağ Kəsəmən kəndində keçirildi

13 oktyabr 2017 | 11:00

Ağstafada rayonun məsul şəxslərinin, ziyalılarının və ağsaqqallarının iştirakı ilə “Ölkəmizin nəaliyytləri” mövzusunda seminar-treninqlər keçirilir. Növbəti belə tədbir rayonun Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbində keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev məruzəsində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclasından geniş söz açdı. Qeyd olundu ki, həmin iclasda bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən Prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulamışdı. Dövlətimizin başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2.5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirdi. Qeyri-neft sektorunun sənaye hissəsində, kənd təsərrüfatında, xarici ticarət dövriyyəsində artım olmuşdur. Doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar həcmində artaraq 42 milyard dollar səviyyəsində olmuşdur. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra edilmiş, yeni məktəblər və tibb ocaqları tikilib və əsaslı təmir edilmişdir. Doqquz ayda 226 min yeni iş yerləri yaradılmışdır.  İqtisadi islahatlarla bağlı ciddi addımlar atılmış, sahibkarlara hərtərəfli şərait yaradılmış, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb, Azərbaycana özəl sektor tərəfindən 1.7 milyard manat sərmayə cəlb edilmişdir.  Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir. 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur. O cümlədən bölgələrdə görülən işlərə toxunularaq qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı  fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə fəaliyyət göstərir. “Karvan-L” EKO Sənaye Parkınının tikintisi üçün 7 milyon manat vəsait qoyulmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. MMC-nin 2-ci mərhələsinin tikintisi üçün 26 milyon manat investisiya qoyulmuş və tikintinin tam başa çatdırılması üçün əlavə olaraq 13 milyon manat investisiya yatırılması nəzərdə tutulur.  Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrinin icrası həyata keçirilir. Burada yaxın günlərdə mebel şəhərciyinin tikintisinə başlanılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılmasına 128 milyon 741 min manat investisiya qoyulması planlaşdırılır. Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür. Rayonda qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilmişdir. Hazırda inşaat işləri başa çatmaq üzrədir. Müəssisə fəaliyyətə başladıqdan sonra 120 nəfər daimi işlə təmin olunacaqdır.  Rayonda fəaliyyət göstərən “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikdə ixrac yönlü məhsul istehsalı üçün əlavə olaraq 200 min (ABŞ) dolları həcmində investisiya qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 120 nəfərin çalışdığı fabrikdə ixrac üçün nəzərdə tutulan məhsulların istehsalı həyata keçirilir. Ağstafada daha bir istehsal sahəsinin, “ATİLO” MMC sərinləşdirici içkilər zavodunun inşasına başlanılmışdır. Bu layihə tamamilə müasir texnologiyalara əsaslanan istehsal sahəsidir.  Burada sərin içkilər istehsalı, şüşə qablar (0.5 litr) istehsalı və sərin içki məhsullarının saxlanılması və qablaşdırılması kimi sahələr fəaliyyət göstərəcəkdir. Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilmişdir. Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illər Ağstafa rayonunda yol infrastrukturunun əsaslı, yenidən qurulması uğurla icra olunur.  Əsaslı şəkildə yenidən qurulan  Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər  avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Vurğun, Göycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidənqurulması başa çatdırılmışdır. 9.5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi həyata keçirilir. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası başa çatdırılmışdır.
Tədbirdə çıxış edən rayon Təhsil Şöbsəinin müdiri Kamran Abbasov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli və “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyevdə mövzu ətrafında ətraflı danışdılar. Tədbir işgüzar şəraitdə keçdi. 

Keçidlər