"Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə birincilik keçirildi
Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı tam orta məktəbində rayonun orta ümumtəhsil məktəbləri arasında "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə Ağstafa rayon birinciliyi keçirilmişdir. Yarışın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsidir. Birincilikdə rayonun 36 tam orta məktəbin komandası iştirak etmişdir. İlk öncə yarışın açılış mərasimi keçirilmişdir. Mərasimdə məsul şəxslər gənclərə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi aşılayan çıxışlar etmiş, Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparmış milli qəhrəmanlarımız haqqında geniş söz açmışlar. Yarışın müvafiq əsasnaməsinə uyğun olaraq 100 metr məsafəyə qaçış, qumbara atıcılığı, turnikdə dartınma və 2000 metr məsafəni qət etmə növləri üzrə yarış keçirilmişdir.
Yekun nəticələrə əsasən 1-ci yerə Eynallı kənd tam orta məktəbin, 2-ci yerə Ağstafa şəhər 2 saylı tam orta məktəbin, 3-cü yerə Qıraq Kəsəmən kənd tam orta məktəbin komandaları layiq görülmüşdürlər. Sonda qalib komandalar Ağstafa rayon Gənclər və İdman idarəsinin müvafiq diplom və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.