Şriftin ölçüsü :

Saytın rəngi :

Hər görüş neçə problemin uğurlu icrasına yol açır.

16 oktyabr 2017 | 11:00

Son vaxtlar Ağstafa Rayon İcra Hakimiyyəti yaşayış yerlərində sakinlərlə görüşlərə, onların arzu və istəklərinin, problemlərinin  öyrənilməsinə və həll olunmasına xüsusi həssaslıqla yanaşır. Bu baxımdan səyyar görüşlərə daha çox üstünlük verilir.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev sakinlərlə növbəti səyyar görüşünü şəhərin Heydər Əliyev prospektindəki 16 ailəlik çoxmənzilli yaşayış binalarının birinin qarşısında keçirdi. İcra hakimiyyətinin başçısı binanın sakinləri ilə səmimi söhbət əsnasında ölkə rəhbərliyinin tapşırığına əsasən Ağstafada görülən işlər və eləcə də ağstafalılara göstərilən yüksək dövlət qayğısından danışdı.

Sakinlər binanın ətrafının asfaltlanması, işıqlandırma sisteminin yenilənməsi və ərazidə aparılmış abadlıq işləri üçün minnətdarlıqlarını bildirdilər. Bununla yanaşı, binanın özünün də təmir olunmasını xahiş etdilər. İcra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırığına uyğun bütün rayonlarda, o cümlədən Ağstafa rayonunda yerləşən çoxmənzilli yaşayış binalarının əksəriyyəti artıq təmir olunmuşdur. Binaların dam örtükləri, qapı və pəncərələri dəyişdirilir, elektrik-rabitə xətləri yenilənir. Binaların  ətrafında abadlıq-quruculuq işləri həyata keçirilir, dekorativ döşəmə daşları düzülür, müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahatlığı üçün müvafiq istirahət guşələri yaradılır. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əsas məqsədi  sakinlərimizin kommunal şəraitinin daha da yaxşılaşdırılmasından, onların öz mənzillərində maksimum rahat, qayğısız yaşamalarını təmin etməkdən ibarətdir.        

Məhərrəm Quliyev sakinlərə bildirdi ki, yaxın zamanda bu binada da əsaslı təmir işlərinə başlanılacaqdır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Keçidlər