Ağstafa şəhərində növbəti səyyar görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayon İcra hakimiyyətinin başçısı rayonun yaşayış məntəqələrində mütəmadi olaraq sakinlərlə səyyar qaydada görüşür. Səyyar görüşlərin keçirilməsində əsas məqsəd sakinlərin əziyyət çəkərək rayon mərkəzinə gəlmədən təklif və istəklərinin dinlənilməsi, eləcə də narahatlıq doğuran hər hansı problemin öyrənilərək operativ qayda da həll olunmasından ibarətdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı növbəti görüşünü Ağstafa şəhər R.Alıcanov küçəsində yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş 5 saylı 32 mənzilli binanın qarşısında keçirdi. Görüşdə rayonun bir sıra məsul şəxsləri və binanın sakinləri iştirak edirdi. İcra başçısı ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafada həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açdı. Qeyd olundu ki, binaların yerləşdiyi küçədə yenidənqurma işləri artıq son tamamlama mərhələsindədir və yaxın zamanda 5 saylı çoxmənzilli yaşayış binasının da ətrafında işlərə başlanılacaqdır. Belə ki, binanın həyətinə dekorativ döşəmə daşı vurulacaq, sakinlərin istirahət güşələri və uşaqların əyləncə məkanı yenidən qurulacaq, müasir tipli işıqlandırma sistemi və skamyalar quraşdırılacaqdır. Sakinlər həyətdə yaşıllıqların suvarılması üçün müvafiq tədbirin görülməsini xahiş etdilər. İcra başçısı görüşdə iştirak edən sakinlərin qaldırdıqları bu və digər məsələlərin həll olunması üçün aidiyyatı üzrə tapşırıqlarını verdi.