Ağstafa komandası poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının qalibidir
26-27 oktyabr 2017-ci il tarixdə Xaçmaz şəhərində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət edən "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatı keçirilmişdir. Çempionatda Ağstafa rayonunu Eynallı kənd tam orta məktəbinin komandası təmsil etmişdir. Birincilik çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilib. Komandalar çempionatın proqramına uyğun olaraq 100 və 2 min metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma mərhələləri üzrə yarışıblar.
Yarışların Mingəçevir şəhərində keçirilən zona mərhələsində 1-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanan Ağstafa komandası Respublika final mərhələsində də eyni nəticəni təkrarlayaraq qalib adını qazanmışdır. Qaliblər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplom və kubokları ilə təltif edilmişdir.