3 dekabr Ümumdünya Əlillər günü Ağstafada qeyd olundu
3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Ağstafa şəhər “Yazıçılar Evi”ndə tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin direktor müavini Azər İmamverdiyev çıxış dərək bu münasibətlə əlilləri təbrik etdilər. Ölkəmizdə əlillərə göstərilən yüksək dövlət qayğısından geniş danışdılar. O cümlədən Ağstafa rayonunda da əlillərin sosial rifahları daim diqqət mərkəzində saxlanılır. Bayramlarda onlar yad edilərək sovqatlar paylanılır, birdəfəlik maddi yardımlar olunur. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizdə əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən Ağstafada 4 ədəd çoxmənzilli (84 mənzil) və 10 ədəd fərdi yaşayış evi tikilib əlillərin istifadəsinə verilmişdir. Əlillərin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. Son illərdə Ağstafada 16 əlil minik avtomobili ilə təmin olunmuşdur.
Tədbirdə həmçinin qeyd olundu ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır.
Tədbirdə əlillərə birdəfəlik maddi yardım paylanıldı. Əlillər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.