Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın 39 yaşayış məntəqəsindən 38-i qazlaşdırılıb

04 dekabr 2017 | 11:00

Ölkə Prezidentinin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılmasına dair verdiyi tapşırıq Ağstafa rayonunda da uğurla icra olunmaqdadır.

Rayon mərkəzindən 53 kilometr uzaqda yerləşən Ağgöl kəndinə ilk dəfə təbii qazın verilməsi bu sahədə həyata keçirilən tədbirlərdən biridir. Kənddə bu münasibətlə təşkil olunan toplantıda rayon icra hakimiyyətinin başçısı  Məhərrəm Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər.      

Tədbiri giriş sözü ilə açan RİH başçısı bu münasibətlə kənd sakinlərini təbrik etmişdir. Bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq, respublikanın digər şəhər və rayonları kimi, Ağstafanın da yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Ağgöl kəndinə təbii qazın verilməsi ilə, ümumilikdə, rayonun 39 yaşayış məntəqəsindən 38-nə təbii qazın verilməsi təmin olunur. Bu isə o deməkdir ki, yaxın zamanda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa rayonu 100 faiz təbii qazla təmin edilmiş rayon olacaqdır. Rayonun mavi yanacaqla tam təmin olunması, hər bir evin isidilməsi əhalinin həyat səviyyəsinin, sosial rifah halının daha da yüksəlməsinə təkan vermiş olur. Bütün bunlar ölkə rəhbərliyinin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının   nəticəsidir.

Sonra Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Osman Behbudov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Ağgöl kəndinin qazlaşdırılması üçün 1100 metrdən çox daşıyıcı, 6 min 700 metrə yaxın paylayıcı xətt çəkilmişdir. Kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilmiş, bütün mənzillərə qaz sayğacları və fərdi tənzimləyici quraşdırılmışdır. Kənddə 592 nəfər, yəni 100 abonent ilk dəfə mavi yanacaqdan istifadə edəcəkdir.        

Mərasimdə çıxış edən ictimaiyyət nümayəndə-lərindən Kəmaləddin Mansurov, Ofeliya Musayeva, Ramiz Şəmilov bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra Məhərrəm Quliyev kənd ağsaqqalları ilə birlikdə Ağgöl kəndinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırmışdır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Keçidlər