Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Ağstafa şəhər 3 saylı tam orta məktəb binasında son tamamlama işləri görülür

05 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev 21 oktyabr  2016-cı il tarixli “Ağstafa şəhərində  3 saylı tam orta ümumtəhsil məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında”  Sərəncamına uyğun olaraq  1320 şagird yerlik  məktəb binasında əsaslı təmir və yenidənqurma işləri son tamamlama mərhələsindədir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə rayonun bir sıra məsul şəxsləri ilə birgə məktəbdə aparılan işlərə  yaxından  tanış oldu və müvafiq tapşırıqlarını verdi. Həmçinin hazır siniflərdə keçirilən dərs prosesini müşahidə etdi. Hazırda iki korpusdan ibarət və 6076,0 kvadrat metr sahəsi olan binanın fasadı və içəri hissəsində təmir-tikinti işləri yekunlaşdırılmışdır. 3,5 hektar olan həyətyanı sahəsində abadlıq quruculuq işləri  tamamlanmaq üzrədir. Ərazi də həmçinin minədək müxtəlif növ ağaclar əkiləcəkdir. Binanın  köhnə dam örtüyü müasir tələblərə cavab verən yenisi ilə əvəz olunmuşdur, ətraf ərazisi dekorativ hasara alınmış, yerə brusçatka tipli döşəmə daşı vurulmuşdur.  Köhnə suvaq qatları, uyğunsuz  arakəsmələr, köhnə döşəmələr, pilləkən qəfəsələri, qapı və pəncərələr sökülərək tamamilə yenilənmişdir. Layihəyə uyğun elektrik sistemi müasir tələblərə uyğun yenilənmiş, bütün mərtəbələri əhatə edən müşahidə  kameraları quraşdırılmışdır. Binanın foye və koridorlarına müasir tipli keramoqranit  daşları döşənmişdir. Məktəbin bufeti, idman, akt və kitabxana  zalları, sanitar qovşaqlar ən yüksək səviyyədə yenidən qurulmuşdur.  Hasarın çöl hissəsi boyunca bordur qoyulmuş,  su arxı betonlaşdırılmışdır. Həmçinin məktəbə gedən əsas avtomobil yoluna yeni asfalt örtüyü də salınacaqdır. Məktəbin yaxın zamanda müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Keçidlər