Göycəli kəndində növbəti görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Ağstafa rayonunun yaşayış məntəqələri üzrə vətəndaşların səyyar qəbulları davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar görüşünü Göycəli kəndində keçirdi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və aparatının şöbə müdirləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İcra başçısı çıxışında ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafada reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrdən, həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi. Qeyd olundu ki, rayonumuzun bütün yaşayış məntəqələrinə olduğu kimi Göycəli kəndinə də göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Ən müasir tələblərə cavab verən Göycəli kənd tam orta məktəb binasının tikilib istifadəyə verilməsi, Vurğun qəsəbəsi, Göycəli, Tatlı, Köhnəqışlaq kəndlərini əlaqələndirən 24 km uzunluğunda olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun və bu yolun üzərində olan iki körpünün tamamilə yenidən qurulması, eləcə də kəndin əsas küçəsinə 500 metr uzunluğunda yeni asfalt örtüyünün salınması, hazırda kənd uşaq bağçası-körpələr evinin əsaslı yenidən qurulması qeyd olunanların bariz nümunəsidir. Həmçinin kəndin fasiləsiz elektrik enerjisi və təbii qaz təminatı da daim diqqətdə saxlanılır. Cənab Məhərrəm Quliyev görüşdə iştirak edən sakinlərin müraciət və təkliflərini qəbul etdi. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verdi. Kənd ağsaqqalları Musayev Abbasəli Muxtar oğlu, Əliyev Əsəd Əli oğlu və Orucov İlyas İslam oğlu Göycəli kəndində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.