Ağstafada əhaliyə göstərilən sosial müdafiə sahəsindəki xidmətlər diqqət mərkəzində saxlanılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi inkişafı nəticəsində ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlir, əhalinin sosial müdafiəsi sahəsində islahat tədbirləri ardıcıl davam etdirilir. Ölkəmizin bütün istiqamətlər üzrə uğurlar əldə olunmuşdur, eyni zamanda sosial sahədə nəzərəçarpacaq qədər irəliləyiş olmuş, əhalinin pul gəlirləri əhəmiyyətli dərəcədə artmış, yoxsulluğun səviyyəsi azalmışdır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində oldu, əhaliyə göstərilən sosial xidmətlərin vəziyyəti ilə yaxından tanış oldu.
Qeyd olundu ki, bu sahədə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, cəmiyyətin bütün sosial təbəqələrinin və fərdlərinin gələcəyinin sosial müdafiəsi tam şəkildə təmin olunmuşdur. Hər bir azərbaycanlının sosial hüququnun müdafiəsi günü-gündən gücləndirilir.