Ağstafaçay üzərində 81 metr uzunluğunda inşa edilən körpünün açılışı olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 oktyabr 2013-cü il tarixli müvafiq Sərancamı ilə əsaslı yenidən qurulan, Ağstafa rayonunda 8 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində 81 metr uzunluğunda yeni körpü inşa edilmişdir. Yeni inşa olunan körpünün istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, inşaat-mühəndis işçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunmuşdur ki, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolundan sonra yeni inşa olunan körpü də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həmin yaşayış məntəqələrində yaşayan sakinlərə etdiyi böyük və əvəzsiz hədiyyədir. Bu yolun istismara verilməsi ilə Ağstafa çayının sol sahilində yerləşən yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqələndirilməsi tam təhlükəsiz və rahat vəziyyətə çatdırılmış oldu. Tədbirdə çıxış edən yerli ictimaiyyət nümayəndələri Elxan Həsənov, Alı Mehdiyev və digərləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda açılışı ifadə edən rəmzi qırmızı lent kəsildi.